Astana, 19 noyabr, AZƏRTAC Bişkek və Aşqabad Çin–Qırğızıstan–Özbəkistan–Türkmənistan–Azərbaycan–Avropa marşrutu üzrə yeni multimodal nəqliyyat dəhlizinin yaradılması perspektivlərini müzakirə edib.AZƏRTAC “Kabar” agentliyinə istinadla xəbər verir ki, bu məsələ Qırğızıstan Nazirlər Kabineti sədrinin müavini Erlist Akunbekovun türkmənistanlı həmkarı Mammet Akmammedovla görüşündə nəzərdən keçirilib.Tikintisi davam edən Çin–Qırğızıstan–Özbəkistan dəmir yolunun istismara verilməsi yeni dəhlizin yaradılması üçün əlavə imkanlar açacaq. Tərəflərin fikrincə, bu dəhlizin reallaşdırılması yük axınının həcmini artırmağa, malların çatdırılma müddətini qısaltmağa və beynəlxalq yükdaşımaların rəqabətqabiliyyətliliyini yüksəltməyə imkan verəcək.Qırğızıstan, həmçinin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzrə yükdaşımaların təşkili zamanı Türkmənbaşı Beynəlxalq Dəniz Limanından daha geniş istifadə etməkdə maraqlı olduğunu bildirib.Türkmənistan tərəfi Qırğızıstana Türkmənbaşı limanından istifadə üçün güzəştli şərtlər təqdim etməyə hazır olduğunu bəyan edib. Elşən Rüstəmov AZƏRTAC-ın xüsusi müxbiri Astana