Bakı küçəsi olan Vyetnama səfər: Heydər Əliyevin izi ilə...

Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri Azərbaycanın Asiya siyasətinin coğrafiyasını və iqtisadi imkanlarını genişləndirən mühüm hadisədir. On iki il əvvəl Hanoya səfər edən dövlət başçısı indi dünyanın sürətlə inkişaf edən iqtisadiyyatlarından biri ilə strateji tərəfdaşlıq münasibətləri qurmuş ölkənin rəhbəri kimi gedir. 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyasının Baş katibi To Lamın Bakıya səfəri zamanı imzalanan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkənin münasibətlərində yeni mərhələnin siyasi əsaslarını yaratdı. İndi Azərbaycanla Vyetnam arasında tarixi dostluq münasibətlərinin böyük iqtisadi layihələrə, qarşılıqlı investisiyalara, sənaye və texnoloji əməkdaşlığa çevrilməsi üçün əlverişli şərait yaranıb.

Azərbaycanın Vyetnamla münasibətlərinin tarixi dövlət müstəqilliyimizin bərpasından əvvəlki onilliklərə gedib çıxır. Dünyanın az sayda ölkəsi ilə əlaqələrimizin tarixində azərbaycanlı mühəndislərin, neftçilərin, alimlərin və müəllimlərin başqa bir xalqın milli iqtisadiyyatının qurulmasında bu qədər böyük xidmətləri olub. 1959-cu ildə Vyetnamın dövlət rəhbəri Ho Şi Minin Bakıya səfəri zamanı Azərbaycanın neft sənayesi müəssisələri ilə tanış olması və ölkəsinin neft sənayesinin yaradılmasında respublikamızın təcrübəsindən istifadə etmək istəyi sonrakı onilliklərdə geniş iqtisadi və elmi-texniki əməkdaşlığın əsasını qoydu. 1960-cı ildən başlayaraq yüzlərlə vyetnamlı gənc ali məktəblərimizə gəldi, azərbaycanlı mütəxəssislər isə Vyetnamın iqtisadi quruculuğunda, xüsusilə milli neft sənayesinin yaradılmasında iştirak etdilər.

Vyetnamın müasir neft sənayesi Azərbaycanın müstəsna iştirakı ilə yaradılıb. Ölkənin ən mühüm neft yataqlarından olan "Ağ pələng" yatağının mənimsənilməsində azərbaycanlı mütəxəssislərin böyük xidmətləri olub. Vyetnam iqtisadiyyatının inkişafında mühüm rol oynayan "Vietsovpetro" birgə müəssisəsinin ilk baş direktoru azərbaycanlı neftçi Cəlal Məmmədov idi. 2024-cü ildə 250 milyon ton neft hasilatı göstəricisinə çatan müəssisənin əldə etdiyi nailiyyətlərdə Azərbaycanın mühəndislik məktəbinin, neft elminin və istehsal təcrübəsinin mühüm payı var. Vyetnamın neft sənayesinin mərkəzi olan Vunqtau şəhərində Bakı küçəsinin mövcudluğu, Bakı ilə Vunqtau arasında qardaşlaşmış şəhər münasibətlərinin qurulması xalqımızın həmin ölkənin iqtisadi tarixində qoyduğu izin ifadəsidir.

Azərbaycan–Vyetnam münasibətlərinin tarixində böyük dövlət adamı Heydər Əliyevin 1983-cü ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Sov.İKP MK Siyasi Bürosunun üzvü kimi Vyetnama səfəri xüsusi yer tutur. Səkkiz gün davam edən səfər çərçivəsində Heydər Əliyev Vyetnamın Baş naziri Fam Van Donqla görüşdü, ölkənin müxtəlif bölgələrində sənaye müəssisələrinin fəaliyyəti ilə tanış oldu, metallurgiya, toxuculuq, gəmiqayırma və neft sənayesinin inkişafı məsələlərini müzakirə etdi.

Vunqtau şəhərində sovet və Vyetnam neftçiləri ilə görüşən Heydər Əliyev birgə iqtisadi layihələrin genişləndirilməsinə xüsusi diqqət yetirdi. Sovet İttifaqının rəhbərliyində təmsil olunan böyük azərbaycanlı siyasi xadimin Vyetnamın müharibədən sonrakı iqtisadi dirçəlişinə göstərdiyi diqqət indi də dost ölkədə yüksək qiymətləndirilir. 2023-cü ildə Hanoyda Heydər Əliyevin tarixi səfərinin 40 illiyinə həsr olunmuş elmi konfransın keçirilməsi, arxiv sənədlərinin və nadir fotoşəkillərin ictimaiyyətə təqdim edilməsi həmin münasibətlərin Vyetnamın dövlətçilik yaddaşında qorunduğunu göstərir.

Azərbaycan Vyetnama yalnız neft sənayesi qurmaqda kömək etməyib, həm də onun milli kadr potensialının formalaşmasında iştirak edib. Sovet dövründə Azərbaycanda 5 minə yaxın Vyetnam vətəndaşı ali təhsil alıb, onların təxminən 2 mini neft sənayesi üzrə ixtisaslaşıb. Bakıda hüquq, iqtisadiyyat, mühəndislik, hərbi iş və digər sahələrdə təhsil alan vyetnamlı gənclərin bir qismi sonradan öz ölkələrinin siyasi, iqtisadi və hərbi elitasında mühüm mövqelər tutublar. Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, ölkənin Hərbi Dəniz Qüvvələrinin komandanı olmuş Fam Hoay Nam Azərbaycanda təhsil almış şəxslərdən biridir. Vyetnamın dövlət idarəetmə sistemində, parlamentində, elm və sənaye müəssisələrində fəaliyyət göstərmiş azərbaycanlı müəllimlərin yetirmələri bu gün də iki xalq arasında münasibətlərin inkişafına töhfə verirlər.

Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra Bakı ilə Hanoy arasında diplomatik münasibətlərin qurulması tarixi əlaqələrimizin yeni siyasi əsaslar üzərində davam etdirilməsinə imkan verdi. Prezident İlham Əliyevin 2014-cü ilin mayında Vyetnama dövlət səfəri, Azərbaycan ali məktəblərinin vyetnamlı məzunları ilə ayrıca görüşü, 2015-ci ildə Bakıda və 2017-ci ildə Vunqtauda dostluq forumlarının keçirilməsi iki ölkə arasında əlaqələrin inkişafına mühüm təkan verdi. Ötən il Vyetnam Kommunist Partiyasının Baş katibi To Lamın Azərbaycana səfəri və münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi isə yetmiş ilə yaxın tarixi olan dostluğun müasir beynəlxalq münasibətlər sistemində yeni siyasi məzmun qazanması deməkdir. Prezident İlham Əliyevin indiki səfəri həmin siyasətin ardıcıl davamıdır.

Azərbaycan xalqı Vyetnamın dostluğunu ölkəmizin taleyi üçün həlledici olan dövrdə də gördü. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Vyetnam BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü idi. Azərbaycanın hərbi əməliyyatları dayandırması üçün müxtəlif beynəlxalq siyasi mərkəzlərdən təzyiqlərin göstərildiyi bir şəraitdə Hanoy ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə dəstək ifadə etdi. Prezident İlham Əliyevin Vyetnam İnformasiya Agentliyinə verdiyi müsahibədə prinsipial mövqeyə görə minnətdarlığını xüsusi vurğulaması beynəlxalq hüququn prinsiplərindən çıxış edən dövlətlərə ehtiramının göstəricisidir.

Vyetnam Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməklə yanaşı, Cənubi Qafqazda davamlı sülhün qurulmasının tərəfdarıdır.

Azərbaycan və Vyetnam xalqlarının müasir tarixində mühüm oxşarlıqlar mövcuddur. Hər iki xalq müharibələrin ağır humanitar və iqtisadi nəticələrini yaşayıb, milli suverenliyini və ərazi bütövlüyünü təmin etmək uğrunda böyük mübarizə aparıb. Lakin Vyetnamın tarixi nailiyyəti yalnız müharibədə qazandığı qələbə ilə məhdudlaşmır. Hanoy hərbi qələbədən sonra ölkənin iqtisadi qüdrətini artırmaq, milli istehsalı inkişaf etdirmək və əhalinin rifahını yüksəltmək istiqamətində onilliklər ərzində ardıcıl siyasət həyata keçirib. Vyetnamın müharibədən sonrakı sənayeləşmə, kənd təsərrüfatının inkişafı, xarici investisiyaların cəlb edilməsi və yeni iqtisadi mərkəzlərin yaradılması təcrübəsi Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi ilə məşğul olan Azərbaycan üçün də öyrənilməyə layiqdir.

Prezident İlham Əliyev Hanoya bir vaxtlar Azərbaycanın iqtisadi və texniki yardımına ehtiyac duyan Vyetnama deyil, dünyanın böyük sənaye və ixrac mərkəzlərindən birinə çevrilmiş ölkəyə səfər edir. Vyetnam iqtisadiyyatı 2025-ci ildə 8,02 faiz artıb, xarici mal ticarətinin ümumi həcmi 930 milyard dollara çatıb. Ölkənin ixracının 89 faizə yaxınını emal sənayesi məhsulları təşkil edir. "Samsung", "Intel", "LG", "Canon", "Foxconn" və digər beynəlxalq korporasiyaların istehsal müəssisələrinin Vyetnamda fəaliyyət göstərməsi ölkənin dünya iqtisadiyyatındakı mövqeyini köklü şəkildə dəyişdirib. Bir neçə onillik əvvəl müharibənin dağıtdığı iqtisadiyyatı bərpa etməklə məşğul olan Vyetnam hazırda dünyanın elektronika, telekommunikasiya, tekstil və digər sənaye məhsullarının istehsalında mühüm yer tutur.

Vyetnamın iqtisadi siyasətinin Azərbaycan üçün ən mühüm cəhətlərindən biri xarici sərmayələrin milli istehsalın və ixracın genişləndirilməsinə yönəldilməsidir.

2025-ci ildə Azərbaycanla Vyetnam arasında ticarət dövriyyəsinin 150 milyon dolları ötməsi münasibətlərin mövcud iqtisadi potensialına uyğun gəlmir. Xarici ticarətinin həcmi bir trilyon dollara yaxınlaşan Vyetnamla daha böyük iqtisadi əməkdaşlıq imkanlarımız mövcuddur.

SOCAR və "PetroVietnam" arasında 2025-ci ildə imzalanan Anlaşma Memorandumu iki ölkənin neft-qaz sənayesində əməkdaşlığının yeni mərhələsinin əsasını qoyub.

Prezident İlham Əliyevin Hanoya səfərinin mühüm istiqamətlərindən biri Azərbaycanın beynəlxalq nəqliyyat imkanlarının genişləndirilməsidir. 2026-cı ilin doqquz ayında iki ölkə arasında tranzit yükdaşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tonu ötüb.

Azərbaycan Vyetnamın Avrasiyaya, Vyetnam isə Azərbaycanın Cənub-Şərqi Asiyaya çıxış imkanlarını genişləndirə bilər. Vyetnamın üzv olduğu Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası – ASEAN yüz milyonlarla istehlakçını və dünyanın mühüm istehsal mərkəzlərini birləşdirir.

Prezident İlham Əliyevin səfəri Vyetnamın siyasi və iqtisadi dairələrində də geniş maraq doğurur. Vyetnam Kommunist Partiyasının mərkəzi mətbu orqanı olan "Nhan Dan" qəzetinin noyabrın 19-da dərc etdiyi məqalədə səfər strateji tərəfdaşlığın inkişafında mühüm mərhələ kimi qiymətləndirilir. Nəşr Azərbaycanın Asiya-Sakit okean regionunda əlaqələrini genişləndirmək siyasətində Vyetnamın oynaya biləcəyi rola xüsusi diqqət yetirir. Vyetnamın Rusiya və Azərbaycan üzrə səfiri Danq Min Xoy Vyetnam İnformasiya Agentliyinə müsahibəsində səfərin qarşılıqlı investisiyalar, energetika, ticarət, elm, texnologiya və təhsil sahələrində yeni imkanlar yaradacağını bildirir.

Prezident İlham Əliyevin Vyetnama səfərini Azərbaycanın son illərdə həyata keçirdiyi genişmiqyaslı Asiya siyasətindən ayrı qiymətləndirmək olmaz. Çinlə strateji münasibətlərin möhkəmləndirilməsi, Mərkəzi Asiya dövlətləri ilə iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, Cənub-Şərqi Asiyanın aparıcı ölkələri ilə tərəfdaşlıq əlaqələrinin qurulması Azərbaycanın dünya iqtisadiyyatındakı iştirak imkanlarını genişləndirir. Ölkəmiz ənənəvi siyasi və iqtisadi tərəfdaşları ilə münasibətlərini qorumaqla yanaşı, qlobal iqtisadi inkişafın ağırlıq mərkəzinin getdikcə Asiyaya doğru dəyişməsini öz xarici siyasətində nəzərə alır. Azərbaycanın müxtəlif güc mərkəzləri ilə müstəqil münasibətlər qurmaq imkanları, beynəlxalq qarşıdurmaların tərəfinə çevrilmədən milli maraqlarını təmin etməsi dövlətimizin iqtisadi diplomatiyasının qarşısında yeni perspektivlər açır.

Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbədən sonra dövlətimizin beynəlxalq nüfuzunun artması, Cənubi Qafqazda sülhün və yeni iqtisadi əlaqələrin qurulması üçün yaranan şərait Azərbaycanın xarici siyasətinin iqtisadi nəticələrini genişləndirməyi tələb edir.

Ulu öndərin imperiya rəhbərlərindən biri olduğu dövrdə qoyduğu izlərlə indi qalib dövlətin lideri olan Prezident İlham Əliyev gedir!

Zahid Oruc,

Milli Məclisin komitə sədri