Gənclər və idman naziri Fərid Qayıbov Xankəndi şəhər stadionunda gələcəkdə Azərbaycan milli komandasının oyunlarının keçirilməsinin mümkünlüyündən danışıb.
Nazir bu barədə “Xankəndi” - “Karvan-Yevlax” matçının fasiləsində jurnalistlərə açıqlamasında bildirib:
"Xatırlayırsızsa, Xankəndi azad olunduqdan sonra, 2023-cü il dekabrın 21-də burda ilk oyun keçirildi. “Qarabağ” MOİK-lə qarşılaşdı. Ondan sonra ölkə başçısının tapşırıqlarına əsasən, stadion yenidən quruldu. Bu yaxınlarda dövlət başçısının iştirakı ilə arenanın açılışı oldu. İndi isə “Xankəndi” ilk ev oyununu keçirir. Təbii ki, bu, çox sevindirici haldı. Çox sayda azarkeş var. Uzun müddətdi gözlədiyimiz gün idi. MOİK də burda oynamaq qərarına gəlib. Gələn ildən onlar da oyunlarını burda keçirəcəklər. Stadion UEFA kateqoriyası almaq üçün hazırdı. Beynəlxalq standartlara uyğun bütün şərait yaradılıb. Bu, AFFA-dan da asılıdı. Yaxın gələcəkdə çalışacağıq ki, milli komandamız da ev oyunlarından birini burda keçirsin".
Nazir Xankəndidə həyata keçiriləcək növbəti layihələrdən də danışıb:
"Həm bizim nazirliyin, həm də təhsil nazirliyinin uşaq-gənclər idman məktəbləri var. Onların futbol bölmələri də fəaliyyət göstərir. MOİK və digər idman klubları da var. Bu, dövlətin uşaq futboluna dəstəyidi. Bununla yanaşı, bütün futbol klublarının akademiyaları var. Orada da inkişaf gedir, futbolun təbliği yaxşı aparılır. U-15 dünya çempionatı ilk dəfə bizim ölkəmizdə keçirildi. Nəticələrini də görəcəyik".
Qayıbov UEFA-nın Xankəndi şəhər stadionuna lisenziya verəcəyi ilə bağlı da danışıb:
"Hazırda UEFA-nın stadionla bağlı qərarı barədə məndə məlumat yoxdu. Amma dediyim kimi, arena beynəlxalq standartlara uyğundu. UEFA-dan mütəxəssislərin gəlib stadionun kateqoriyasını müəyyənləşdirməsini gözləyirik. Bundan sonra burda nəinki aşağı yaş qruplarından ibarət yığmalar, hətta A millimiz də oynaya bilər. Hətta avrokubok matçları da keçirilə bilər".