Bakı, 19 noyabr, AZƏRTACAvropa İttifaqı Şurası İndoneziya ilə Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişinin və İnvestisiyaların Qorunması Sazişinin imzalanmasını təsdiqləyib. Şura bildirib ki, bu sənədlər tərəflər arasında ticarət və investisiya əməkdaşlığının gücləndirilməsinə, iqtisadi tərəfdaşlığın genişləndirilməsinə töhfə verəcək.AZƏRTAC İraq xəbər agentliyinə (İNA) istinadla bildirir ki, bu iki saziş Cənub-Şərqi Asiyanın ən böyük iqtisadiyyatı olan İndoneziya ilə iqtisadi əlaqələrin möhkəmləndirilməsi və Avropa İttifaqının Hind-Sakit okean regionunda ticarət mövcudluğunun genişləndirilməsi baxımından strateji addımdır.Bildirilib ki, sazişlərin tam icrasından sonra gömrük tarifləri üzrə güzəştlər tarif xətlərinin 98,5 faizini əhatə edəcək. Eyni zamanda, İndoneziyanın tətbiq etdiyi gömrük rüsumlarının 96 faizinin beş il ərzində ləğvi nəzərdə tutulur. Bunun Avropa şirkətlərinə ildə təxminən 600 milyon avro qənaət etməyə imkan verəcəyi gözlənilir.Sazişlər avtomobil sənayesi, əczaçılıq, qida sənayesi, maşınqayırma və rəqəmsal ticarət başda olmaqla, müxtəlif iqtisadi və sənaye sahələrini əhatə edir. Sənədlərdə, həmçinin enerji, strateji əhəmiyyətli xammal və qarşılıqlı investisiyaların qorunması sahələrində əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur.Şura vurğulayıb ki, hazırkı qərar sazişlərin imzalanmasına və müəyyən edilmiş hüquqi prosedurlara uyğun olaraq müvəqqəti tətbiqinə səlahiyyət verir. Lakin bu, sənədlərin tam qüvvəyə minməsi demək deyil. Bunun üçün Avropa Parlamentinin razılığı alınmalı və sazişlərin yekun ratifikasiyası ilə bağlı zəruri prosedurlar tamamlanmalıdır.Qeyd olunub ki, bu addım beynəlxalq ticarətdə sürətlə baş verən dəyişikliklər fonunda Avropa İttifaqının iqtisadi tərəfdaşlıqlarını şaxələndirmək, təchizat zəncirlərinin dayanıqlılığını artırmaq və Asiya bazarlarına çıxış imkanlarını genişləndirmək strategiyasının tərkib hissəsidir.Sazişlər Avropa İttifaqı və İndoneziyanın iqtisadi əlaqələri daha da dərinləşdirmək, ticarət və investisiya axınlarını asanlaşdırmaq, eləcə də hər iki tərəfin şirkətləri və investorları üçün yeni imkanlar yaratmaq səyləri çərçivəsində hazırlanıb.
Avropa İttifaqı İndoneziya ilə iki ticarət və investisiya sazişi imzalayır
Mənbə: azertag.az/xeber/avropa_ittifaqi_indoneziya_ile_iki_ticaret_ve_investisiya_sazisi_imzalayir-4516740