Məleykə Abbaszadənin Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri vəzifəsindən azad edilərək Bakı Dövlət Universitetinin rektoru təyin olunması təhsil ictimaiyyətində yeni müzakirələrə yol açıb. Uzun illər ölkənin qəbul və qiymətləndirmə sisteminə rəhbərlik edən Abbaszadənin gedişindən sonra əsas diqqət DİM-in yeni sədrinin kim olacağına yönəlib. Eyni zamanda, qurumun Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi ehtimalı da gündəmdədir.
Bəs DİM-ə kim rəhbərlik edə bilər, yeni təyinatdan sonra qurumun fəaliyyətində hansı dəyişikliklər gözlənilir?
Məsələ ilə bağlı News24.az-a danışan təhsil eksperti Elçin Əfəndi DİM-in yeni rəhbəri ola biləcək şəxslərlə bağlı ehtimallarını bölüşüb. O bildirib ki, hazırda bu vəzifəyə bir neçə potenisal namizəd var:
"Bu vəzifəyə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, eləcə də Naxçıvanın sabiq təhsil naziri Elxan Nəcəfovun namizədliyi nəzərdən keçirilə bilər. Sadalanan şəxslərin təhsil və idarəçilik sahəsindəki təcrübələri onların DİM-in İdarə Heyətinin sədri vəzifəsinə mümkün namizədlər kimi müzakirə olunmasına əsas verir".
DİM-in Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi məsələsinə də toxunan ekspert bunun yaxın perspektivdə baş verəcəyini gözləmədiyini bildirib:
"Belə bir dəyişiklik üçün ilk növbədə qanunvericiliyə müvafiq düzəlişlər edilməlidir. Çünki Dövlət İmtahan Mərkəzi ayrıca hüquqi statusa malik dövlət qurumudur və onun fəaliyyət modelinin dəyişdirilməsi sadəcə, inzibati qərarla həyata keçirilə bilməz. DİM-in başqa bir dövlət qurumunun, xüsusilə də Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi üçün hüquqi və institusional mexanizmlər müəyyənləşdirilməlidir. Bu baxımdan, hazırkı mərhələdə qurumun nazirliyə birləşdirilməsi ehtimalını yüksək qiymətləndirmirəm".
Məsələ ilə bağlı News24.az-a danışan təhsil eksperti Məzahir Məmmədli DİM-in yeni sədrinin kim olacağı ilə bağlı indidən konkret proqnoz verməyin çətin olduğunu bildirib. Onun sözlərinə görə, həm Dövlət İmtahan Mərkəzinin yeni rəhbərinin təyin olunması, həm də Məleykə Abbaszadənin Bakı Dövlət Universitetinə rektor təyin edilməsi Prezidentin səlahiyyətlərinə aid məsələlərdir:
"Bu səbəbdən mümkün namizədlər və təyinatlarla bağlı əvvəlcədən fikir bildirmək doğru olmaz. DİM-in rəhbərinin seçki ilə müəyyənləşdirilməsi halında namizədlər və onların imkanları əsasında müəyyən proqnozlar vermək mümkün olardı. Lakin hazırkı idarəetmə modelində bu qərar dövlət başçısının səlahiyyətində olduğundan konkret şəxsin həmin vəzifəyə gətiriləcəyini söyləmək çətindir".
Məzahir Məmmədli DİM-in Elm və Təhsil Nazirliyinə birləşdirilməsi ehtimalına da münasibət bildirib. O, belə bir addımın atılacağını gözləmədiyini və bu ehtimalı real hesab etmədiyini vurğulayıb:
"Bunun əsas səbəbi tədris və qiymətləndirmə funksiyalarının bir-birindən ayrı saxlanılmasının vacibliyidir. Belə ki, eyni qurumun həm təhsil prosesini təşkil etməsi, həm də həmin prosesin nəticələrini qiymətləndirməsi obyektivlik və müstəqillik baxımından müəyyən suallar yarada bilər. DİM-in mövcudluğu da məhz təhsil sistemində qiymətləndirmə prosesinin ayrıca qurum tərəfindən həyata keçirilməsinə xidmət edir. Elm və Təhsil Nazirliyinin tabeliyində olan ümumi təhsil və ali təhsil müəssisələrinə qəbul prosesinin müstəqil qurum tərəfindən təşkil edilməsi müəyyən mənada funksional bölgünü təmin edir.
Ekspertin diqqət çəkdiyi digər məqam isə imtahanların təşkili ilə test tapşırıqlarının hazırlanması funksiyalarının ayrı-ayrı qurumlara həvalə edilməsidir. Onun fikrincə, testlərin hazırlanması və imtahanların keçirilməsi proseslərinin eyni qurum tərəfindən həyata keçirilməsi müəyyən institusional problemlər yarada bilər:
“Yaxşı olardı ki, bu qurumda müəyyən dəyişikliklər aparılsın. DİM imtahanları keçirən qurum olsun, testləri hazırlayan isə başqa bir qurum olsun. Bir qurumun həm imtahanları təşkil etməsi, həm də həmin imtahanların testlərini hazırlaması, məncə, o qədər də məntiqli deyil. Bu funksiyaların ayrılmasının faydalı olacağını düşünürəm".