Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadənin Bakı Dövlət Universitetinin (BDU) rektoru təyin olunması ölkənin təhsil sistemində mühüm kadr dəyişikliyi olmaqla yanaşı, ali məktəblərə qəbul prosesinin gələcəyi ilə bağlı da müzakirələrə yol açıb.
Uzun illərdir onun rəhbərliyi ilə həyata keçirilən qəbul sistemi şəffaflıq və bərabər imkanların təmin olunması baxımından müsbət qiymətləndirilsə də, imtahanların çətinliyi, sualların mürəkkəbliyi, bəzi tapşırıqların mətn həcminin çoxluğu, ayrılan vaxtın kifayət etməməsi və cavab variantları ilə bağlı mübahisələr hər il narazılıqlara səbəb olur. Tənqidlər arasında abituriyentlərin uzunmüddətli imtahan hazırlığına məcbur qalması, əzbərçiliyin ön plana keçməsi və qəbul prosesinin gənclər üzərində yaratdığı psixoloji yük də var. Hətta bəzi ekspertlər mövcud modelin yenilənməsinə, beynəlxalq təcrübəyə uyğun daha çevik və fərqli qiymətləndirmə mexanizmlərinin tətbiqinə ehtiyac olduğunu bildirirlər. Ekspertlər ali məktəblərə qəbul imtahanlarında sualların nisbətən asanlaşdırılmasını, əvəzində isə universitetlərdə tədrisin keyfiyyətinin və imtahan tələblərinin artırılmasını təklif edirdilər. Onların fikrincə, əsas məqsəd abituriyentləri qəbul mərhələsində həddindən artıq çətin sınaqlara məruz qoymaq deyil, universitetlərdə daha ciddi akademik qiymətləndirmə sistemi formalaşdırmaq və tələbələrin bilik səviyyəsini yüksəltmək olmalıdır.
Təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:
“Bu, təbii ki, təhsil sistemində ciddi dəyişiklikdir. Uzun illərdir ölkədə ali məktəblərə qəbul prosesi Məleykə Abbaszadənin rəhbərliyi ilə həyata keçirilirdi. Düşünürəm ki, indiyədək görülən işləri təhlil etsək, kifayət qədər şəffaf bir sistemin qurulduğunu və qəbul prosesində hər bir vətəndaş üçün bərabər imkanların təmin edildiyini söyləyə bilərik. Bununla belə, müəyyən tənqidə açıq məqamlar da var. İmtahan nəticələrinin uzun müddət sonra elan olunması, imtahan fənlərinin say çoxluğu, imtahanların beynəlxalq imtahan modelləri əsasında keçirilməsi və digər məsələlər diqqət yetirilməli məqamlardır. Hesab edirəm ki, yeni rəhbərlik mütləq bu amilləri nəzərə almalı və yeni imtahan modelinin tətbiqi istiqamətində addımlar atmalıdır.
Məleykə Abbaszadənin Bakı Dövlət Universitetinin rektoru təyin olunmasından sonra universitetdə baş verə biləcək dəyişikliklərə gəlincə, düşünürəm ki, müsbət istiqamətdə yeniliklər mütləq olacaq. Hətta Bakı Dövlət Universitetinin əvvəlki nüfuzunu bərpa edəcəyini gözləyirik. Çünki Məleykə Abbaszadə, müəyyən tənqidlərə baxmayaraq, ümumilikdə təhsil prosesini və qəbul sistemini yaxşı bilən, beynəlxalq əməkdaşlığa açıq bir şəxsdir. Bu amillər də universitetin nüfuzuna və beynəlxalq reytinqinə müsbət təsir göstərə bilər”.
Dövlət İmtahan Mərkəzində rəhbər dəyişikliyinin qəbul qaydalarına təsirinə gəlincə, ekspert deyib ki, növbəti qəbul ili üçün ciddi dəyişiklik gözlənilmir:
“Çünki qəbul proqramı artıq elan olunub. Abituriyentlər növbəti il üçün məhz mövcud proqram əsasında hazırlaşırlar. Bu mərhələdən sonra hər hansı ciddi dəyişikliyin elan edilməsi onlar üçün əlavə çətinlik yarada bilər.
İmtahan tarixlərində müəyyən dəqiqləşdirmələr və dəyişikliklər ola bilər. Lakin bu, qəbul proqramına birbaşa aidiyyəti olmayan məsələdir. Ümumilikdə isə hesab edirəm ki, gələcəkdə abituriyentlərin maraqlarına və mənafelərinə xidmət edən müsbət dəyişikliklər mütləq həyata keçirilməlidir”.