“Deepfake”lərlə mübarizədə kontentin idarə edilməsi arxitekturası inkişaf etdirilməlidir - Rahid Ələkbərli

“Deepfake” texnologiyalarının yaratdığı təhlükələrlə mübarizə aparmaq üçün texnoloji inkişafı dayandırmaq əvəzinə, kontentin idarə edilməsi arxitekturası təkmilləşdirilməli, insanların kiberməlumatlılığı və texnoloji savadlılığı artırılmalıdır.

Trend-in müxbirinin xəbərinə görə, bunu Azərbaycan Texniki Universitetinin Kibertəhlükəsizlik və Müdafiə Texnologiyaları İnstitutunun və Süni İntellekt Əsaslı Mühəndislik Təhlükəsizliyi Mərkəzinin direktoru Rahid Ələkbərli Bakıda Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans çərçivəsində baş tutan “İnformasiya müharibəsi və Deepfake: Rəqəmsal dövrdə həqiqətin qorunması” adlı paneldə çıxışı zamanı deyib.

O bildirib ki, inkişaf edən texnologiyalar insan davranışlarını, emosiyalarını və mimikalarını daha real şəkildə təqlid edən süni intellekt əsaslı simulyasiyaların yaradılmasına imkan verir. Bu texnologiyalarla rəqabət aparmaq asan olmasa da, onların yaratdığı risklərə qarşı müvafiq mexanizmlər formalaşdırılmalıdır.

R.Ələkbərlinin sözlərinə görə, süni intellekt vasitəsilə real insana bənzəyən videolar, hətta istifadəçilərin arzuladığı və təsəvvür etdiyi görüntülər hazırlamaq mümkün olsa da, bu imkanlardan məlumat manipulyasiyası məqsədilə də istifadə edilir.

O qeyd edib ki, süni intellektlə yaradılan görüntü və səslər bəzi hallarda real materiallara çox yaxın olsa da, onları tamamilə real video və audio ilə eyniləşdirmək mümkün deyil. Bununla belə, texnoloji tendensiyalar göstərir ki, belə saxta materiallar getdikcə daha inandırıcı olur.

“Dayandıra bilməyəcəyimiz, əksinə, inkişaf etdirməli və dəstəkləməli olduğumuz texnoloji tərəqqi barədə düşünmək əvəzinə, kontentin idarə edilməsi arxitekturasını necə inkişaf etdirə biləcəyimizə diqqət yetirməliyik. Bu arxitektura "deepfake" texnologiyalarının yaratdığı çağırışlara cavab verməlidir”, – deyə o bildirib.

Mərkəzin direktoru vurğulayıb ki, rəqəmsal platformaların açıq olması və hər kəsin öz video və digər materiallarını sərbəst yayımlaya bilməsi “deepfake” yaradan şəxslər üçün geniş imkanlar açıb. Bu baxımdan, texnoloji savadlılığın artırılması xüsusi əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, kiberməlumatlılıq insanların və sosial media istifadəçilərinin saxta görüntüləri real videolardan fərqləndirmək bacarığının inkişafında mühüm rol oynayır.

R.Ələkbərli hesab edir ki, kontentin idarə edilməsi sahəsində elə bir arxitektura formalaşdırılmalıdır ki, istifadəçilər sosial şəbəkələrdə qarşılaşdıqları materialların süni intellekt vasitəsilə yaradılıb-yaradılmadığını müəyyən edə bilsinlər.

O bildirib ki, bəzi sosial media platformalarında süni intellektlə yaradılan materiallar artıq müvafiq qaydada işarələnir. Bu cür yanaşmaların genişləndirilməsi “deepfake” texnologiyalarının yaratdığı risklərin azaldılmasına kömək edə bilər.

“Kontentin idarə edilməsi istiqamətində atılacaq əlavə addımlar "deepfake" texnologiyalarına qarşı daha təhlükəsiz mühitin formalaşdırılması baxımından faydalı ola bilər”, – deyə o əlavə edib.