Nazir: Milli komandamız da ev oyunlarını Xankəndi şəhər stadionunda keçirə bilər

Xankəndi şəhər stadionunda beynəlxalq oyunların keçirilməsi üçün hər cür şərait yaradılıb.

Bu sözləri gənclər və idman naziri Fərid Qayıbov əsaslı yenidənqurmadan sonra Xankəndi şəhər stadionunda keçirilən ilk rəsmi oyunla bağlı danışarkən deyib.

Nazir xatırladıb ki, Xankəndi azad edildikdən sonra stadionda ilk oyun 2023-cü il dekabrın 21-də keçirilib. Həmin vaxt Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində “Qarabağ” və MOİK komandaları qarşılaşıblar:

“Bundan sonra Prezidentin tapşırıqlarına əsasən, stadion yenidən quruldu. Bu yaxınlarda dövlət başçısının iştirakı ilə arenanın açılışı oldu. Artıq “Xankəndi” komandası ilk ev oyununu bu stadionda keçirir. Tribunalara çoxlu sayda azarkeşin toplaşması hamımız üçün sevindirici haldır. Çoxdan gözlədiyimiz bir gün idi. Onu da qeyd edim ki, MOİK də gələn ildən ev oyunlarını bu stadionda keçirməyə qərar verib.

Stadion UEFA-nın müvafiq kateqoriyasını almaq üçün hazırdır. Burada beynəlxalq standartlara uyğun hər cür şərait yaradılıb. Düşünürəm ki, yaxın gələcəkdə, AFFA ilə razılaşdırılmaqla, milli komandamız da ev oyunlarını burada keçirə bilər. UEFA turnirlərinin matçlarının təşkili də mümkündür”.