Azərbaycan Sudanla valyuta ehtiyatlarının idarə edilməsində təcrübəsini bölüşüb (FOTO)

Azərbaycan və Sudan mərkəzi bankları arasında valyuta ehtiyatlarının idarə edilməsi üzrə təcrübə mübadiləsinin təşkili, və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Məlumata əsasən, Azərbaycan Resublikası Mərkəzi Bankının baş direktoru Elrad Seydiyev Sudan Mərkəzi Bankının Kapital bazarları departamentinin baş direktoru Nor Eldin Mohamed Suliman Ballanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı xarici valyuta ehtiyatlarının və qızıl aktivlərinin qeyri-müəyyənliyin yüksək olduğu bazar şəraitində idarə edilməsi, ehtiyatların diversifikasiyası imkanları, risklərin idarəedilməsi yanaşmaları üzrə Azərbaycan Respublikası Mərkəzi Bankının təcrübəsi barədə ətraflı məlumat verilib.

Tərəflər iki ölkənin mərkəzi bankları arasında valyuta ehtiyatlarının idarə edilməsi üzrə təcrübə mübadiləsinin təşkili, və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, AMB sədri Taleh Kazımov ötən ay keçirilən mətbuat konfransında bildirib ki, qurum xarici maliyyə institutlarının, o cümlədən bankların, eləcə də kapital bazarı və sığorta sektorunda fəaliyyətinin genişlənməsinə açıqdır.

Onun sözlərinə görə, xarici investorların Azərbaycanın maliyyə sektoruna marağını artırmaq məqsədilə beynəlxalq tədbirlərdə iştirak edir və ölkənin maliyyə imkanlarını təqdim edir.

“Biz xarici bank sektoru ilə yanaşı, kapital bazarlarına və sığorta sektoruna da çox açığıq. Mənim tez-tez xaricə getməyimin və müxtəlif konfranslarda çıxış etməyimin səbəblərindən biri də Azərbaycanın maliyyə sektorunu təbliğ etməkdir. Əksinə, ölkəmizin maliyyə sektorunu tanıtmaq lazımdır ki, marağı olanlar suallar versin və Azərbaycana gəlsin”, - deyə T.Kazımov bildirib.

AMB sədri Azərbaycanla digər ölkələr arasında ödəniş sistemlərinin inteqrasiyası və məlumat mübadiləsi məsələsinə də toxunub. O qeyd edib ki, müxtəlif ölkələrin mərkəzi banklarını vahid sistemdə birləşdirən beynəlxalq rəqəmsal platforma hazırda mövcud deyil.

T.Kazımovun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankı bu istiqamətdə ayrı-ayrı ölkələrin mərkəzi bankları ilə ikitərəfli danışıqlar aparır və artıq bir-iki ölkə ilə daha detallı müzakirələrə başlayıb.