Banqladeşdə etirazçılar keçmiş hökümət başçısının evini yandırdılar

Banqladeşin müvəqqəti hökumətinin keçmiş rəhbəri, Nobel mükafatı laureatı Məhəmməd Yunusun Çattoqram şəhərindəki evi hakimiyyətdə olmuş “Avami Liq” partiyasının tərəfdarlarının etiraz aksiyaları zamanı yandırılıb.

Bu barədə “India Today” telekanalı məlumat yayıb.

Yanğın evin birinci mərtəbəsində baş verib. Həmin mərtəbədə Yunusun heç bir qohumu yaşamayıb. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat daxil olmayıb. Polis insidentlə bağlı araşdırmaya başlayıb.

Yunusun adı ilə bağlı obyektlərə, o cümlədən onun təsis etdiyi “Grameen” bankının filiallarına qarşı bir sıra hücumlar həyata keçirilib.

Noyabrın 19-da sabiq baş nazir Şeyx Hasinanın “Avami Liq” partiyası hakimiyyətdən onun fəaliyyətinə qoyulmuş qadağanın ləğvini və ölkəyə qayıtmasının təmin edilməsini tələb edərək ümumölkəmiqyaslı etiraz aksiyası elan edib. Hasinanın tərəfdarlarının hökumət əleyhinə aksiyaları siyasətçinin ölkənin mərkəzi hissəsində yerləşən doğma şəhəri Qopalqancda gərginliyə səbəb olub.

İğtişaşlar noyabrın 18-nə keçən gecə hakimiyyətdəki Millətçi Partiyanın yerli təşkilatının liderinin həmin partiyanın fəalları ilə 2024-cü ilin avqustunadək hakimiyyətdə olmuş, Hasinanın rəhbərlik etdiyi “Xalq Liqası” partiyasının tərəfdarları arasında baş verən toqquşmalar zamanı öldürülməsindən sonra başlayıb. Polisin məlumatına görə, polis bölməsinin yandırılması, eləcə də toqquşma iştirakçılarının nəqliyyat vasitələrinə və şəhər infrastrukturuna hücumları nəticəsində Qopalqancda vəziyyət daha da gərginləşib.

Paytaxt Dəkkə ətrafında və tikiş sənayesi işçilərinin əməkhaqlarının artırılması tələbi ilə tətil keçirdiyi Faridpur şəhərində də gərginlik artıb. Paytaxtdakı "Həzrət Şahcəlal adına Beynəlxalq Hava Limanında" kustar üsulla hazırlanmış bombaların partlaması nəticəsində üç nəfər xəsarət alıb. Dəkkəyə girişdə avtomobil yolunda nəqliyyatın hərəkəti dayandırılıb.