Bakı, 19 noyabr, AZƏRTAC “Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq agentliyi “QS Dayanıqlılıq Reytinqi 2027”nin (QS Sustainability Rankings 2027) nəticələrini açıqlayıb. Bu barədə AZƏRTAC-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində məlumat verilib. Bildirilib ki, reytinqin builki buraxılışında dünyanın 107 ölkəsindən 2000-dən çox ali təhsil müəssisəsi təmsil olunub. Yeni nəticələrə əsasən, reytinqdə təmsil olunan Azərbaycan universitetlərinin sayı ötən illə müqayisədə 8-dən 9-a yüksəlib.Builki siyahıda Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Mühəndislik Universiteti, Xəzər Universiteti, Qərbi Kaspi Universiteti və Sumqayıt Dövlət Universiteti yer alıb.Azərbaycan universitetləri arasında ən yüksək nəticəni UNEC nümayiş etdirib. Universitet dünya reytinqində 582-ci pillədə qərarlaşıb. Bu, ötən buraxılışla müqayisədə 144 pillə irəliləyiş deməkdir.Reytinqin ayrı-ayrı indikatorları üzrə də Azərbaycan universitetləri diqqətəlayiq nəticələr əldə ediblər. Bakı Dövlət Universiteti “Ekoloji dayanıqlılıq” (Environmental Sustainability) indikatoru üzrə dünya universitetləri arasında 152-ci yerdə qərarlaşıb.Ümumilikdə Azərbaycan ali təhsil müəssisələri “İdarəetmə” (Governance), “Ekoloji dayanıqlılıq” (Environmental Sustainability) və “Ekoloji təhsil” (Environmental Education) indikatorları üzrə yüksək nəticələr nümayiş etdiriblər.