Tbilisidə yaşayış binasında partlayış - 7 nəfər itkin düşüb, 3-ü uşaqdır

Gürcüstanın paytaxtı Tbilisinin Poniçala rayonunda yaşayış binasında baş verən qaz partlayışından sonra yeddi nəfər itkin düşüb. Onların arasında üç uşaq da var.

Bu barədə Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, xilasedicilər itkin düşən şəxslərin axtarışlarını davam etdirirlər. Hadisə zamanı binanın digər sakinləri təxliyə olunublar.

Nazir qeyd edib ki, partlayış nəticəsində xəsarət alan dörd nəfər xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır.

İlkin ehtimala görə, hadisəyə mənzillərdən birində qaz sızması səbəb olub.