“Qalatasaray”ın ev oyunlarını keçirdiyi “Rams Park”ın ot örtüyü komanda üçün ciddi problemlər yaratmaqda davam edir.
Məhz bərbad ot örtüyü üzündən İstanbul nəhəngi artıq iki əsas futbolçusunu – Viktor Osimhenlə Rafael Leaonu itirib. Nigeriyalı futbolçu “Ştutqart”la, portuqaliyalı futbolçu isə “Amed SF” ilə ev oyununda zədə alaraq bir neçə həftəliyə sıradan çıxıb.
Bu arada rəhbərlik ot örtüyünü normal vəziyyətə gətirmək üçün gecəsini gündüzünə qatıb. Hazırda bu məsələ ilə məşğul olan şirkət “Rams Park”ın ot örtüyünü qaydasına salmağa çalışır. İşlər bir qədər gecikdiyi üçün “Qalatasaray” rəhbərliyi qarşıdakı oyunla bağlı fərqli qərar qəbul etməli olub. Şənbə günü - noyabrın 21-də “Cim-Bom”u superliqanın 12-ci turu çərçivəsində “Samsunspor”la ev oyunu gözləyir. Klubdan verilən açıqlamada “Rams Park”ın ot örtüyündə aparılan yenilənmə çalışmalarına daha çox vaxt ayrılması üçün bu oyunun “Fatih Terim” stadionunda keçiriləcəyi bilidirilib. Bu arenada “İstanbul BŞ” ev oyunlarını keçirir. Düzdü, başakşəhərlilər də bu tur evdə oynayır. Amma Nuri Şahinin komandası debütant “Çorum”u bazar ertəsi, yəni noyabrın 23-də qəbul edəcək. Ona görə də “İstanbul BŞ” “Qalatasaray”ın təklifi ilə razılaşıb.
Əslində İstanbul nəhəngi sentyabr-oktyabrdakı üçhəftəlik yığma “pəncərəsində” “Rams Park”ın ot örtüyünün yenilənməsi məsələsinə çox ciddi vaxt və qüvvə ayırmışdı. Həmin vaxt güman olunurdu ki, bu problem birdəfəlik yoluna qoyulacaq. Ancaq əksinə, bu məsələ “sarı-qırmızılar”ın ciddi başağrısına çevrildi. İstanbulda və digər bölgələrdə həyatın axarına ciddi təsir göstərən yağışlardan sonra “Rams Park” tarlanı xatırlatmağa başladı. Sonradan “Qalatasaray”lı yönəticilər bu məsələ ilə məşğul olan şirkətin ot örtüyünün dəyişdirilməsi zamanı düzgün vasitələrdən istifadə etmədiyini bildirdilər. Qarşı tərəf bu iddianı rədd etdi.
Həmin şirkət indi yenidən “Rams Park”a “əl gəzdirir”. Və bu dəfə bunu tam pulsuz şəkildə edir. Problem bu dəfə də yoluna qoyulmasa, İzmirdə ot örtüyünün araya-ərsəyə gətirilməsi ilə məşğul olan bir şirkət vasitəsilə xaricdən hibrid ot örtüyü sifariş olunacaq.
Bütün bu həngamədə narahatlıq doğuran daha bir məqam odu ki, İspaniya superkubokuna bu mövsüm Türkiyə evsahibliyi edəcək və fevralın 6-da baş tutacaq finalın məhz elə “Rams Park”da oynanılması nəzərdə tutulub! Son günlər həmin oyunun “Rams Park”dan alınacağı ilə bağlı bir çox iddia səsləndirilsə də, hələlik bu fakt rəsmi təsdiqini tapmayıb. Amma İspaniya Kral Futbol Federasiyası yaranmış vəziyyətdən narahatdı və stadionun durumunu diqqətlə izləyir.