Məleykə Abbaszadə rektor təyin olunmazdan 13 dəqiqə əvvəl nə paylaşmışdı?

Məleykə Abbaszadənin Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri vəzifəsindən azad edilərək Bakı Dövlət Universitetinin (BDU) rektoru təyin olunmasından bir neçə dəqiqə sosial şəbəkədəki paylaşımı diqqət çəkib.

Belə ki, Məleykə Abbaszadə özünün sosial media hesabında DİM sədri kimi keçirdiyi görüş barədə paylaşım edib.

O, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətini DİM-də qəbul etdiyini bildirib. Paylaşımda görüş zamanı qurumun 2026–2028-ci illər üzrə Rəqəmsal İnkişaf Yol Xəritəsi çərçivəsində görülən işlərin və növbəti addımların müzakirə olunduğu qeyd edilib.

Abbaszadə informasiya sistemlərinin “Digital Bridge” platformasına və “mygov ID” xidmətinə qoşulması, elektron xidmətlərin “mygov” və “mygov Biznes” üzərindən təqdim edilməsi, sistemlərin “Hökumət buludu”na köçürülməsi və informasiya təhlükəsizliyinin gücləndirilməsi məsələlərindən bəhs edib.

Bununla yanaşı, qəbul prosesində qeydiyyat, ixtisas seçimi və müsabiqə nəticələrinin “mygov” üzərindən əlçatan olması, ödənişlərin vahid platformada avtomatlaşdırılması imkanlarının nəzərdən keçirildiyini bildirib.

Qeyd edək ki, Məleykə Abbaszadənin saat 09:50-də sosial media hesabında paylaşım edib, saat 10:03-də isə onun Bakı Dövlət Universitetinə rektor təyin olunması barədə Prezident İlham Əliyevin sərəncamı dərc olunub.