23 yaşlı Gülarənin qətli: Ögey qardaşını hansı cəza gözləyir?

Bakının Binəqədi rayonunda 23 yaşlı Gülarə Mehdiyevanın qətlə yetirilməsi ilə bağlı yayılan məlumatlar ciddi müzakirələrə səbəb olub. Gənc qadının ögey qardaşı A.Mehdiyev tərəfindən öldürüldüyü bildirilir. Hadisə ailədaxili zorakılıq və qəsdən adam öldürmə cinayətlərinə görə nəzərdə tutulan cəzaları yenidən gündəmə gətirib.

Bəs Azərbaycan qanunvericiliyinə əsasən, bacısını qəsdən öldürməkdə ittiham olunan şəxsi hansı cəza gözləyir? Təqsiri sübuta yetirilərsə, o, neçə il müddətinə azadlıqdan məhrum edilə bilər? Hadisənin ögey qardaş tərəfindən törədilməsi cəzanın ağırlığına təsir edirmi?

Mövzu ilə bağlı Konkret.az-a açıqlama verən hüquqşünas Müşfiq Abbasov bildirib ki, hadisəyə hüquqi qiymət verilməsi cinayətin törədilmə şəraitindən, motivindən və istintaq zamanı müəyyən ediləcək hallardan asılıdır.

Hüquqşünasın sözlərinə görə, əgər əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə tövsif olunarsa, təqsirləndirilən şəxsi 9 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

“Əgər istintaq zamanı qəsdən adam öldürmə cinayətinin ağırlaşdırıcı hallarda törədildiyi müəyyən olunarsa, daha sərt cəza tətbiq edilə bilər. Məsələn, cinayətin xüsusi amansızlıqla və ya xuliqanlıq niyyəti ilə törədilməsi sübuta yetirilərsə, qanunvericilik daha ağır məsuliyyət nəzərdə tutur. Belə hallarda 14 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər”, – deyə hüquqşünas bildirib.

Müşfiq Abbasov vurğulayıb ki, hazırkı mərhələdə konkret cəza barədə qəti fikir söyləmək düzgün olmaz:

“İstintaq zamanı bütün sübutlar toplanmalı və hərtərəfli araşdırılmalıdır. Cinayətin hansı niyyətlə törədildiyi, motivi, başvermə şəraiti və digər mühüm hallar müəyyənləşdirilməlidir. Yalnız bundan sonra əmələ yekun hüquqi qiymət veriləcək. Buna görə də istintaqın nəticələrini gözləmək lazımdır”.

Qeyd edək ki, qəsdən adam öldürmə cinayətinin ağırlaşdırıcı halları Cinayət Məcəlləsinin 120.2-ci maddəsində nəzərdə tutulur. Zərərçəkmiş şəxslə qohumluq münasibətinin olması isə özlüyündə cinayətin avtomatik olaraq həmin maddə ilə tövsif edilməsi demək deyil.

Hadisə ilə bağlı yekun qərar istintaq materialları və məhkəmədə araşdırılan sübutlar əsasında veriləcək. Təqsirləndirilən şəxsin günahı yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilə bilər.