Ömrün Naxçıvan aşırımları - Xalq yazıçısı Mirzə İbrahimovun muxtar respublikada fəaliyyəti nədən ibarət idi?

Kulis.az Məcid Rəşadətoğlunun "Ömrün Naxçıvan aşırımları - Xalq yazıçısı Mirzə İbrahimov və Naxçıvan" yazısını təqdim edir.

Azərbaycan ədəbiyyatına onlarla maraqlı povest və hekayə bəxş edən, romanları və publisistik məqalələri ilə oxucu qəlbinə yol tapan Xalq yazıçısı, akademik Mirzə İbrahimovun həyat və yaradıcılığında Naxçıvan dövrü xüsusi yer tutur. Görkəmli şəxsiyyətin həyat və yaradıcılığını araşdıran tədqiqatçılar, eləcə də Naxçıvan mətbuatının tarixini öyrənən alimlər öz əsərlərində yazıçının Naxçıvan fəaliyyəti və yaradıcılığına müəyyən qədər toxunublar. Bununla belə, cild-cild monoqrafiyaların, elmi araşdırmaların və arxiv materiallarının arasında qalan bu mövzu indiyədək ayrıca publisistik məqalənin tədqiqat predmetinə çevrilməyib. Halbuki Mirzə İbrahimovun Naxçıvan dövrü onun bir yazıçı və ictimai xadim kimi formalaşmasının mühüm mərhələlərindən biri olmaqla yanaşı, həmin dövrün ədəbi-mədəni və ictimai mühitinin öyrənilməsi baxımından da maraq doğurur. Bu səbəbdən böyük ədibin Naxçıvanda keçən həyat və yaradıcılıq illərinə yenidən nəzər salmaq, arxiv sənədləri və dövrün mətbuat materialları əsasında həmin mərhələnin ədəbi-tarixi mənzərəsinə toxunmaq xüsusi əhəmiyyət daşıyır.

1911-ci ildə Cənubi Azərbaycanın Sərab şəhərində dünyaya gələn Mirzə İbrahimovun Naxçıvanla bağlılığı ötən əsrin 30-cu illərinə təsadüf edir. O, qələm dostu, Xalq yazıçısı Əli Vəliyevlə birlikdə Naxçıvana ezam olunaraq burada formalaşmaqda olan elmi-mədəni mühitin inkişafına, ədəbiyyatın təşəkkülünə, eləcə də mətbuatın tərəqqisinə xüsusi diqqət yetirib. Naxçıvanın ictimai-mədəni həyatında mühüm izlər buraxan həmin dövr sonralar Əli Vəliyevin yaradıcılığında da öz əksini tapıb. Xalq yazıçısı “Budağın xatirələri” romanının ayrıca bir fəslində – “Araz sahillərində” bölməsində həyat və yaradıcılığının Naxçıvan mərhələsinə toxunaraq burada cərəyan edən ictimai-mədəni proseslərdən, gördüyü işlərdən və qarşılaşdığı hadisələrdən geniş bəhs edib.

Əli Vəliyevin “Şərq qapısı” qəzetinə rəhbərlik etdiyi illər isə Naxçıvan mətbuatının inkişafında xüsusi mərhələ kimi diqqəti çəkir. Yazıçı qeyd edir ki, o, Mirzə İbrahimovla birgə yalnız mətbuatın inkişafına deyil, həm də yeni yazıçı və jurnalist nəslinin yetişməsinə böyük əhəmiyyət verib. Onların fəaliyyəti Naxçıvanda ədəbi-mədəni və publisistik mühitin canlanmasına, gənc qələm sahiblərinin üzə çıxmasına və yaradıcılıq imkanlarının genişlənməsinə mühüm təkan verib.

Mirzə İbrahimovun Naxçıvana gəlişi ilə ölkənin əsas hissəsindən ayrı düşən regionda ədəbi-mədəni canlanma müşahidə edilməyə başladı. Görkəmli yazıçı qısa zaman ərzində muxtar respublikada yazıb-yaradan qələm sahiblərini, istedadlı yazıçı və şairlərini ətrafında topladı. Yaradıcılığa yeni başlayan, hekayələri, şeir və poemaları ilə özünə yeni-yeni oxucu kütləsi qazanan qələm sahibləri də Mirzə İbrahimovun təşəbbüsünü böyük sevinclə qarşıladılar. Onların dəstəyi, Mirzə İbrahimovun və Əli Vəliyevin köməyi ilə qısa zaman ərzində Naxçıvanda istedadlı yaradıcılıq ordusu yarandı. Bu hərəkatın fəalları – Müzəffər Nəsirli, Hüseyn Əzim, Ənvər Əylisli, Nağı Nağıyev, Məmmədəli Tarverdiyev və digərləri yeni yaradılmış Naxçıvan Yazıçılar İttifaqının məhək daşı rolunu oynadılar.

Şair-dramaturq Müzəffər Nəsirli Mirzə İbrahimovun Naxçıvandakı fəaliyyətinə toxunaraq yazırdı: “1933–34-cü illərdə Naxçıvanda yaşayarkən Mirzə İbrahimov ədəbi gəncliyin rəhbəri idi. Klassik Azərbaycan və rus ədəbiyyatı, müasir sovet ədəbiyyatında baş verən yenilikləri onlara çatdırırdı. Ədəbi gəncliyin qayğısına qalaraq “Şərq qapısı” qəzetinin redaktoru Əli Vəliyevlə Naxçıvanda “Ədəbiyyat” qəzetinin bir neçə nömrəsinin nəşrinə nail olmuşdu. Qəzeti Mirzə İbrahimovun özü redaktə edirdi, ən qüvvətli ədəbiyyat maraqlılarını da ətrafına toplamışdı”.

Görkəmli yazıçının həyatının Naxçıvan dövrü və buradakı fəaliyyəti haqqında ilkin qeydlərə ədibin öz xətti ilə yazdığı tərcümeyi-halında rast gəlinir. Mirzə İbrahimov yazır: “1929-cu ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun 2 illik hazırlıq şöbəsinə daxil olub 1933-cü ildə hazırlıq şöbəsini bitirdiyim zaman, Azərbaycan təşkilatı məni respublikanın zəngin və maraqlı guşələrindən biri olan Naxçıvana, Maşın-Traktor Stansiyası siyasi şöbəsinin “Sürət” adlı qəzetinə redaktor göndərdi. Doğrusu, mən bu işə o qədər də həvəslə getmədim. Çünki hələ təhsilimin kifayət olmadığına qane idim. Sinif yoldaşlarımın çoxu kimi aspiranturada oxumaq istəyirdim. Lakin sonralar mən ora getməklə çox şey qazandığıma inandım”.

Mirzə İbrahimovun Naxçıvan həyatı regionun ən təlatümlü dövrlərinə təsadüf edirdi. Yeni yaranmağa başlayan quruluşun gətirdiyi ab-hava başda ədəbiyyat olmaq üzrə bir çox sahələrə sirayət etmiş, muxtar respublikada cərəyan edən hadisələr isə mətbuata təsirsiz ötüşməmişdi. Dövrün mənzərəsini nəzərə alaraq Mirzə İbrahimov və Əli Vəliyev ədəbi sahədə bir sıra işlər görməyə, yaradıcı sahəyə böyük həssaslıqla yanaşmağa və ən əsası, mətbuata yeni nəfəs gətirməyə başladılar. Həmin dövrlərin şahidi və iştirakçısı olmuş şair Müzəffər Nəsirli Mirzə İbrahimovun gördüyü işləri yada salaraq yazırdı: “Mirzə İbrahimov gecə-gündüz kolxozlarda olur, məqalələr yazır, eyni zamanda respublikanın mədəni-siyasi həyatında fəal iştirak edirdi”.

Gənc yazıçı və şairlərlə apardığı görüşlər, yaradıcı sahədə həyata keçirdiyi yeniliklər, muxtar respublikada mətbuata göstərdiyi qayğı elə ilk illərdən Mirzə İbrahimovu naxçıvanlılara sevdirdi. O, əlindən gəldiyi qədər regionda ədəbi geriliyi aradan qaldırmağa və Naxçıvanda sağlam yaradıcı nəsil formalaşdırmağa çalışırdı. Təsadüfi deyildir ki, onun bu təşəbbüsləri və maarifpərvər işləri qələm sahiblərinə böyük stimul və yaradıcı güc verirdi.

Ümumiyyətlə, Mirzə İbrahimovun həyat və yaradıcılığının Naxçıvan dövrü ədibin özü üçün də olduqca uğurlu və yaddaqalan olmuşdu. O, burada yeni dostlar qazanmaqla yanaşı, həm də Naxçıvan həyatını dərindən öyrənmiş, buranın insanlarının həyat və fəaliyyəti ilə yaxından tanış olmuşdu. Əsərləri arasında sevilən “Həyat” pyesini də Naxçıvan həyatından götürən görkəmli yazıçı bu əsərdə gördüyü, müşahidə etdiyi real hadisələri qələmə almışdı. Bununla yanaşı, Naxçıvanda işlədiyi iki il ərzində Mirzə İbrahimovun daha iki əsəri – “Nəhənglər ölkəsi” və “Həyat naminə” əsərləri çapdan çıxmışdı.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid “Şərq qapısı” qəzeti və Naxçıvan ədəbi mühiti kitabında çox qiymətli bir faktı oxucularla bölüşür. Müəllif yazır ki, Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi iki il ərzində “Şərq qapısı” qəzetində də mütəmadi çıxış edən ədib çoxşaxəli yaradıcılığına yeni bir səhifə də əlavə edir. “Şərq qapısı” qəzetinin 1934-cü il tarixli sayında bu haqda belə məlumat verilir: “Yazıçılarımızdan yoldaş Mirzə İbrahimov “Alagöz” romanının birinci hissəsini yazıb qurtarmışdır”. Ancaq çox təəssüflər olsun ki, yazıçı gənclik uğuru hesab olunacaq “Alagöz” romanını müəyyən səbəblərdən sona çatdıra bilməyib.

Görkəmli ədəbiyyatşünas-alim Lətif Hüseynzadə Mirzə İbrahimovun Naxçıvandakı fəaliyyətinə və ədəbiyyat, mətbuat sahəsindəki xidmətlərinə toxunaraq yazırdı: “Mirzə İbrahimov Naxçıvanda müxbirlərin, şair, aşıq və nağıl deyənlərin konfranslarını keçirir, ədəbi müsamirələr təşkil edirdi. Texniki səbəblərə görə ədəbi-pedaqoji məcmuə nəşrinə nail ola bilmir. Mirzə İbrahimov bunun əvəzinə Naxçıvanda Azərbaycan sovet mətbuatı tarixində yeni bir səhifə təşkil edən “Ədəbiyyat” qəzetinin nəşrinə nail olur. Onun bu nəcib təşəbbüsü Naxçıvandakı sovet yazıçılarının əsərlərini çap etdirməsi üçün geniş imkan yaratdı. Qəzetin redaktoru da ədibin özü idi. Onun bu qəzetdə bir sıra oçerk və hekayələri dərc edilmiş. Bu qəzetdə “Dünya qopur” romanı haqqında Mirzənin çox dəyərli bir məqaləsi də dərc edilmişdi. Mirzə İbrahimov Naxçıvanda həm öyrənmiş, həm də yaratmışdı”.

Təəssüflər olsun ki, Naxçıvanda mətbuat ənənələrinin təşəkkül tapmasında və inkişaf etməsində böyük rol oynayan “Ədəbiyyat” və “Sürət” qəzetlərinin heç bir arxiv nömrəsi günümüzə gəlib çatmamışdır. Bu qəzetlər haqqında əlimizdə olan yeganə etibarlı mənbələr Lətif Hüseynzadənin, Müzəffər Nəsirlinin və digər şair və yazıçıların dövrün salnaməsinə çevrilən xatirə yazılarıdır.

Mirzə İbrahimovun Naxçıvan dövrü onun həyat və yaradıcılığında yeni bir mərhələ yaratdı, ədibin gələcəyin böyük qələm sahibləri sırasında dayanmasına yollar açdı. Görkəmli yazıçı burada olduğu qısa müddət ərzində regionda yazıb-yaradan qələm sahiblərinin əsərlərinə, onların yaradıcılıq potensialına yeni ruh bəxş etdi. Neçə-neçə qələm sahibi Mirzə İbrahimovun yaradıcılığından bəhrələndi. Mirzə İbrahimov 80 ildən artıq ömür yolunda bir neçə dəfə Naxçıvana səfərlər etmiş, bir zamanlar bir yerdə çalışdığı dostları ilə görüşmüş, həmin günləri yada salmışdı.

Bir sözlə, Naxçıvan həyatı Mirzə İbrahimovun yaradıcılığında mühüm mərhələ olmaqla yanaşı, həm də onun gənclik illərinin ən xoş xatirələrinə çevrilmişdi.