Bakı, 18 noyabr, AZƏRTAC44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər Azərbaycan dövlətçiliyinin gücünün, milli birliyimizin və xalqımızın öz torpağına, tarixi-mədəni irsinə bağlılığının təntənəsidir. Bu Qələbə uzun illər işğal altında qalan torpaqlarımızın azad edilməsi ilə yanaşı, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin və ərazi bütövlüyünün bərpası istiqamətində apardığı ardıcıl siyasətin nəticəsi kimi tarixə düşdü. Prezident İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı, şəhidlərimizin canı, qazilərimizin fədakarlığı və xalqımızın sarsılmaz iradəsi hesabına əldə olunan Zəfər ölkəmizin tarixində yeni mərhələnin başlanğıcını qoydu. Bu Qələbə yalnız hərbi uğur deyil, həm də milli həmrəyliyin, dövlət-xalq-ordu birliyinin və Azərbaycanın öz taleyini müstəqil şəkildə müəyyən etmək əzminin nümayişi idi.Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova deyib.O bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri tarixi Zəfərin real sosial-iqtisadi nəticələrini nümayiş etdirir. İşğaldan azad edilmiş ərazilərdə yeni yaşayış məntəqələrinin salınması, yolların, elektrik və su təchizatı sistemlərinin, sosial obyektlərin, təhsil və səhiyyə müəssisələrinin inşası, müasir infrastrukturun yaradılması dövlətin qarşıya qoyduğu strateji hədəflərin ardıcıl şəkildə reallaşdırıldığını göstərir. “Böyük Qayıdış sadəcə insanların doğma yurdlarına köçürülməsi prosesi deyil. Bu, uzun illər yurd həsrəti ilə yaşayan ailələrin öz evlərinə qayıtması, normal və təhlükəsiz həyat şəraitinin yaradılması, onların sosial və iqtisadi hüquqlarının təmin edilməsi deməkdir. Qayıdışın davamlı və uğurlu olması üçün insanların yalnız mənzillə təmin edilməsi kifayət etmir. Onların məşğulluq imkanları, təhsil və səhiyyə xidmətlərinə əlçatanlığı, sosial müdafiəsi, gündəlik ehtiyaclarının qarşılanması da kompleks şəkildə həll olunmalıdır. Başqa sözlə, Böyük Qayıdışın əsas məqsədi azad edilmiş ərazilərdə insanların rahat, təhlükəsiz və layiqli həyat sürməsi üçün zəruri şəraitin yaradılmasıdır”, – deyə Arzu Bağırova vurğulayıb.Arzu Bağırova əlavə edib ki, dövlətin həyata keçirdiyi proqramların səmərəliliyinin artırılmasında vətəndaş cəmiyyətinin fəal iştirakı mühüm amillərdəndir. Qeyri-hökumət təşkilatları, ictimai birliklər və digər vətəndaş cəmiyyəti institutları maarifləndirmə, ictimai iştirakçılığın təşviqi, vətəndaşların ehtiyaclarının öyrənilməsi və mövcud problemlərin diqqətə çatdırılması baxımından əhəmiyyətli rol oynaya bilərlər. Dövlət və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın genişləndirilməsi bərpa və qayıdış prosesinin daha əhatəli və səmərəli həyata keçirilməsinə töhfə verə bilər.O diqqətə çatdırıb ki, müharibədənsonrakı dövrün digər mühüm istiqaməti regionda davamlı sülhün və qarşılıqlı faydalı əməkdaşlığın təmin edilməsidir. Cənubi Qafqazda uzunmüddətli sabitliyin yaranması yalnız siyasi bəyanatlarla deyil, dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq hüququn prinsiplərinə hörmət əsasında mümkün ola bilər. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, sülh gündəliyinin irəlilədilməsi, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı regionun gələcək iqtisadi mənzərəsinə birbaşa təsir göstərən məsələlərdir.“Regionda davamlı sülhün təmin olunması, ilk növbədə, qarşılıqlı etimadın formalaşmasını, əldə edilən razılaşmalara əməl edilməsini və beynəlxalq hüququn prinsiplərinə hörməti tələb edir. Azərbaycan hər zaman Cənubi Qafqazın qarşıdurma məkanı deyil, əməkdaşlıq və iqtisadi tərəqqi bölgəsinə çevrilməsində maraqlı olduğunu nümayiş etdirib. Nəqliyyat və kommunikasiya xətlərinin açılması, yükdaşımaların genişləndirilməsi, iqtisadi əlaqələrin inkişafı bütün region ölkələri üçün yeni imkanlar yarada bilər. Bununla belə, bu proseslər dövlətlərin suveren hüquqlarına və qanuni maraqlarına hörmət əsasında həyata keçirilməlidir”, – deyə İctimai Birliyin sədri vurğulayıb.