Bakı Fond Birjasında (BFB) listinqdə olan 38 şirkətdən cəmi 9-nun payına səhmlərin ümumi bazar dəyərinin təxminən 95%-i düşür.
Banker.az (İnvestisiya) xəbər verir ki, bu barədə Bakı Fond Birjasının 2026-cı ilin üçüncü rübü üzrə kapital bazarlarına dair bülletenində bildirilir.
Hesabata əsasən, 2026-cı ilin sentyabr ayının sonuna birjada listinqdə olan səhmlərin ümumi bazar kapitallaşması 3,81 milyard manata çatıb. Bu, 2025-ci ilin sonundakı 2,67 milyard manatla müqayisədə 42% artım deməkdir.
Bununla belə, bazarda yüksək konsentrasiya müşahidə olunur. Belə ki, bazar dəyəri 100 milyon manatdan çox olan 9 şirkətin ümumi kapitallaşması 3 milyard 630,5 milyon manat təşkil edib. Bu isə listinqdəki səhmlərin ümumi bazar dəyərinin təxminən 95%-nə bərabərdir.
Bazar dəyəri 10 milyon manatdan 100 milyon manatadək olan 4 şirkətin ümumi kapitallaşması 151,6 milyon manat, bazar dəyəri 10 milyon manatdan aşağı olan 25 şirkətin isə cəmi 25,7 milyon manat təşkil edib.
Səhm bazarının 99%-i maliyyə sektorunda cəmləşib
Bülletendə qeyd olunur ki, listinqdəki səhmlərin bazar kapitallaşmasının 99%-i maliyyə sektorunun payına düşür. Real sektorun payı isə cəmi 1% təşkil edir.
Müqayisə üçün, 2023-cü ildə maliyyə sektorunun payı 71%, real sektorun payı 29% olub. 2024-cü ildə bu nisbət müvafiq olaraq 77% və 23% təşkil edib. 2025-ci ildə isə maliyyə sektorunun payı artıq 99%-ə yüksəlib.
Beləliklə, son illərdə səhm bazarında maliyyə sektorunun üstünlüyü əhəmiyyətli dərəcədə güclənib.
BFB-nin məlumatına görə, 2026-cı ilin yanvar–sentyabr aylarında səhmlərin təkrar bazar dövriyyəsi 16,1 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövründəki 11,4 milyon manatla müqayisədə təxminən 41% çoxdur.
Göstərici həmçinin 2025-ci ilin tam nəticəsini üstələyərək 2020-ci ildən bəri ən yüksək səviyyəyə çatıb. Bu məbləğə iri özəl yerləşdirmə əməliyyatı daxil edilməyib.
Üçüncü rübdə ABB və “PAŞA Bank” səhmlərinin birgə ticarət dövriyyəsi 7,3 milyon manat olub. Bu, ilin ilk doqquz ayı üzrə səhmlərin təkrar bazar dövriyyəsinin 45%-nə bərabərdir.
“PAŞA Bank” səhmləri üzrə ticarət aktivliyi bankın IPO-dan sonrakı ilk dividend ödənişinin həyata keçirildiyi iyul ayında ən yüksək həddə çatıb.
ABB səhmləri üzrə ticarət dövriyyəsi əqdlərin sayının azalmasına baxmayaraq yüksəlib. BFB bunu bir əməliyyat üzrə orta ticarət məbləğinin böyüməsi ilə izah edir.
Hesabat dövründə səhmlərin ilkin bazarında yerləşdirmələrin həcmi 52,9 milyon manat təşkil edib. Bu göstərici əsasən “PAŞA Bank”ın IPO-su hesabına formalaşıb.
Bakı Fond Birjası bildirir ki, bazar kapitallaşmasının və ticarət aktivliyinin artmasına baxmayaraq, səhmlərin az sayda şirkətdə və əsasən maliyyə sektorunda cəmləşməsi bazarın daha geniş diversifikasiyasına ehtiyac olduğunu göstərir.