Xəbər verdiyimiz kimi, Gürcüstandan Azərbaycana gətirilən avtomobillərlə bağlı yeni rüsum tətbiq edilib. Nəzərə alsaq ki, Gürcüstan Azərbaycan üçün avtomobillərin əsas təkrar ixrac (re-ixrac) istiqamətlərindən biridir, Gürcüstanın Gəlirlər Xidməti tərəfindən tətbiq olunan bu yeni ödəniş yerli avtomobil bazarına da təsirsiz ötüşməyəcək.
Mövzunu Yenicag.az-a şərh edən nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov Azərbaycana avtomobil gətiriləcəyi təqdirdə, qiymətlərdə həmin rüsum qədər artım ola biləcəyini bildirib:
“Burada söhbət konkret olaraq Azərbaycana avtomobil gətirilməsi prosesindən deyil, Gürcüstanın özünün daxili qanunvericiliyindəki dəyişiklikdən gedir. Ümumiyyətlə, Gürcüstandan avtomobil ixrac olunursa, həmin nəqliyyat vasitəsinə görə müəyyən rüsum ödənilməlidir. Təbii ki, Gürcüstandan Azərbaycana, Rusiyaya, Ermənistana və digər ölkələrə avtomobil ixrac edilərkən sahibi və ya sahibkar bu əlavə rüsumu ödəməli olacaq. Bu da qiymətlərə təsirsiz ötüşməyəcək. Əgər Azərbaycana avtomobil gətirilirsə, onun qiymətində həmin rüsum qədər fərq yarana bilər”.