Vadeful: Ukrayna üzrə danışıqlar Avropanın iştirakı olmadan nəticə verməyəcək

Almaniya Rusiya, ABŞ və Çin liderləri arasında üçtərəfli danışıqları alqışlayır, lakin hesab edir ki, Ukrayna münaqişəsinin nizamlanmasında Avropa rol oynamalıdır.

Bu barədə Almaniyanın xarici işlər naziri İohan Vadeful Bakıda Azərbaycanın XİN başçısı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

"Hesab edirəm ki, istənilən danışıqlar müsbət addımdır. Bunu xarici siyasətlə məşğul olan bir şəxs kimi deyirəm. Bu, şübhəsiz ki, dünyanın üç ən böyük ölkəsinin prezidentlərinin görüşünə də aiddir. Buna görə də biz, əlbəttə ki, belə bir üçtərəfli dialoqun keçirilməsini alqışlayırıq", - o, Çin, Rusiya və ABŞ prezidentləri Si Cinpin, Vladimir Putin və Donald Trampın üçtərəfli formatda ilk görüşündən gözləntiləri ilə bağlı sualı cavablandırarkən bildirib.

Bununla yanaşı, nazir, Ukraynanın gələcəyi ilə bağlı dialoqun mütləq Avropanın iştirakı ilə Kiyev və Moskva arasında aparılmalı olduğuna əminliyini ifadə edib: "Aydındır ki, münaqişənin həllində Avropa həlledici rol oynamalıdır".

Y.Vadeful qeyd edib ki, Ukrayna və Avropa cəlb olunmadan Ukrayna məsələsi üzrə danışıqlar nəticə verməyəcək:

"Ukraynanın gələcəyi ilə bağlı danışıqların Avropanın iştirakı ilə Rusiya və Ukrayna arasında aparılacağına şübhə etmək üçün heç bir əsasım yoxdur. Əks halda, xüsusilə də mümkün qədər tez başa çatacağına ümid etdiyim bu müharibədən sonra yeni münaqişənin yaranmasının qarşısını alacaq davamlı və etibarlı həllə nail olmaq mümkün olmayacaq".

Nazirin sözlərinə görə, o, indiyədək apardığı bütün danışıqları, o cümlədən amerikalı və çinli həmkarları ilə görüşləri məhz bu kontekstdə qiymətləndirib.