Azərbaycanda emal sənayesi müəssisələrinin satışdan ümumi mənfəəti 2025-ci ildə əvvəlki illə müqayisədə 21,3% artdığı halda, bu sektorda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq (KOB) subyektlərinin mənfəəti 63,1% azalıb.

Emal sənayesində bütün müəssisələrin satışdan mənfəəti 3,73 milyard manatdan 4,52 milyard manata yüksəlib. KOB-ların mənfəəti isə 607,7 milyon manatdan 224,4 milyon manata enib.

Nəticədə KOB-ların emal sənayesinin ümumi satışdan mənfəətində payı 2024-cü ildəki 16,3%-dən 2025-ci ildə 5%-ə düşüb.

Ən kəskin azalma orta sahibkarlıq subyektlərində qeydə alınıb. Bu kateqoriyaya daxil olan müəssisələrin satışdan mənfəəti 69,5% azalaraq 491,7 milyon manatdan 150,2 milyon manata enib.

Mikro müəssisələrin mənfəəti 84,1% azalaraq 2,85 milyon manat, kiçik müəssisələrin mənfəəti isə 27,3% azalaraq 71,3 milyon manat təşkil edib.

Mənfəətin azalması KOB-ların rentabellik göstəricilərində də özünü göstərib. Emal sənayesində mikro, kiçik və orta sahibkarlıq subyektlərinin ümumi rentabellik səviyyəsi 2024-cü ildəki 17,7%-dən 2025-ci ildə 5,7%-ə düşüb.

Mikro müəssisələrdə rentabellik 22,8%-dən 3,1%-ə, kiçik müəssisələrdə 12,7%-dən 8,2%-ə, orta müəssisələrdə isə 19,1%-dən 5,1%-ə enib.

Qeyd edək ki, Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 nömrəli qərarına əsasən, işçilərinin sayı 10 nəfərədək və illik gəliri 200 min manatadək olan müəssisələr mikro sahibkarlıq subyektləri hesab edilir. İşçilərinin sayı 11–50 nəfər, illik gəliri 200 min manatdan 3 milyon manatadək olanlar kiçik, işçilərinin sayı 51–250 nəfər, illik gəliri 3 milyon manatdan 30 milyon manatadək olanlar isə orta sahibkarlıq subyektlərinə aid edilir. İşçilərinin sayı 250 nəfərdən və ya illik gəliri 30 milyon manatdan çox olan müəssisələr iri sahibkarlıq subyektləri sayılır. Müəssisənin kateqoriyası müəyyənləşdirilərkən işçilərin orta siyahı sayı və illik gəlir göstəricilərindən daha yüksək kateqoriyaya uyğun olanı əsas götürülür.