Bakı, 18 noyabr, AZƏRTAC Oktyabrın 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1094,2 min (ötən ilin oktyabrın 1-i vəziyyətinə 1100 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 10,6 faizini təşkil edir. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,3 faiz artaraq 595,8 manat təşkil edib və orta aylıq əməkhaqqının 50,8 faizinə bərabər olub.Bununla yanaşı, əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ aylıq sosial müavinətlər təyin edilib. 2026-cı ilin doqquz ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına ödənişlər istisna olmaqla, 24,9 min ailəyə 25,7 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,6 min şəxsə müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 6,2 min nəfərə birdəfəlik müavinətlər verilib.2026-cı il oktyabrın 1-i vəziyyətinə 78,9 min aztəminatlı ailənin 349,3 min üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən orta aylıq məbləği 990 manat təşkil edib.Müxtəlif kateqoriyadan olan 407,6 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü və fəxri adlara görə təqaüd təyin olunub.