Bakı, 17 noyabr, AZƏRTAC Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Hüquq və İnsan Haqları İnstitutu “Ətraf mühit və insan hüquqları” mövzusunda təlim keçirib. Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.Bildirilib ki, təlim çərçivəsində insan hüquqları konsepsiyasının mahiyyəti, ətraf mühit kontekstində əhəmiyyəti, ekoloji və əlaqəli hüquqların beynəlxalq və milli müdafiə mexanizmləri, eləcə də ətraf mühitə qarşı pozuntuların insan hüquqlarına təsiri barədə geniş məlumat verilib. Təqdimatlarda, həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin ətraf mühitlə bağlı baxdığı işlər və bu sahədə formalaşmış hüquqi yanaşmalar diqqətə çatdırılıb. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, sertifikatlar təqdim olunub.