Bakı, 17 noyabr, AZƏRTAC 17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycan xalqının dövlətçilik tarixində mühüm yer tutan, milli azadlıq və müstəqillik uğrunda mübarizənin geniş vüsət aldığı əlamətdar gündür.Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Xasayeva deyib.Deputat xatırladıb ki, 1980-ci illərin sonlarında rəsmi İrəvanın Azərbaycana qarşı ərazi iddialarını gücləndirməsi, Qarabağda separatçı meyillərin təşviqi və azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası ölkəmizdə ciddi ictimai-siyasi gərginliyə səbəb oldu. 1987-ci ilin sonlarından başlayan deportasiya nəticəsində 200 mindən çox azərbaycanlı doğma yurdlarından qovuldu, xalqımıza qarşı zorakılıqlar törədildi. Bu hadisələr Azərbaycan cəmiyyətində milli özünüdərk və azadlıq mübarizəsinin güclənməsinə təkan verdi.“1988-ci il noyabrın 17-də Bakının indiki Azadlıq meydanında başlayan ümumxalq mitinqləri milli azadlıq hərəkatının dönüş nöqtəsinə çevrildi. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına və mərkəzi hakimiyyətin ədalətsiz siyasətinə etirazla başlayan meydan hərəkatı qısa müddətdə xalqın dövlət müstəqilliyi və suverenlik uğrunda mübarizəsinin ümumxalq ifadəsi oldu. Sovet rəhbərliyinin təzyiqlərinə və 1990-cı il 20 Yanvar faciəsinə baxmayaraq, xalqımız mübarizəsindən geri çəkilmədi. Milli azadlıq hərəkatı Azərbaycanın 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etməsi ilə nəticələnən tarixi prosesdə mühüm rol oynadı. Bu baxımdan, 17 Noyabr – Milli Dirçəliş Günü xalqımızın azadlıq iradəsini və müstəqilliyə aparan mübarizəsini təcəssüm etdirir”, - deyə o vurğulayıb.Ümummilli Lider Heydər Əliyevin də həmin dövrdə Azərbaycanın müstəqil gələcəyinin təmin olunmasını, xalqın birliyini və milli maraqların qorunmasını dövlətçilik siyasətinin əsas istiqamətləri kimi müəyyənləşdirdiyini vurğulayan S.Xasayeva bildirib ki, Ulu Öndərin ölkəmizin siyasi və iqtisadi müstəqilliyi, ərazi bütövlüyünün qorunması ilə bağlı mövqeyi sonrakı dövlət quruculuğu prosesində mühüm ideoloji-siyasi əhəmiyyət daşıdı. Bu gün isə Azərbaycan xalqı Milli Dirçəliş Gününü ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuş, beynəlxalq nüfuzu artan güclü dövlətin vətəndaşları kimi qeyd edir. Ölkəmizin qazandığı tarixi nailiyyətlər xalqımızın onilliklər əvvəl nümayiş etdirdiyi birlik, qətiyyət və müstəqillik əzminin məntiqi davamıdır.“Milli Dirçəliş Günü bizə bir daha xatırladır ki, xalqın azadlıq iradəsi, milli həmrəyliyi və dövlətçilik əzmi ən çətin sınaqlardan belə qalib çıxmağa qadirdir”, - deyə deputat fikirlərini yekunlaşdırıb.