Hövsanda çirkab sular Xəzərə axıdılır – Parlamentdə məsələ qaldırıldı

Suraxanı rayonunun Hövsan və Yeni Suraxanı qəsəbələrində su və kanalizasiya şəbəkələrinin yenilənməsi, yolların təmiri, məktəblərin genişləndirilməsi, yeni xəstəxananın tikintisi və digər infrastruktur layihələrinin 2027-ci ilin müvafiq investisiya proqramlarına daxil edilməsi təklif olunur.

Trend-in müxbirinin xəbərinə görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Sevinc Fətəliyeva parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, Suraxanı paytaxtın əhalisi çox olan və sürətlə inkişaf edən rayonlarından biridir. Bununla belə, rayonun bəzi yaşayış məntəqələrində ciddi infrastruktur problemləri hələ də həllini gözləyir.

S.Fətəliyevanın sözlərinə görə, ilk növbədə Hövsan və Yeni Suraxanı qəsəbələrində mövcud su xətlərinin yenilənməsinə, köhnəlmiş boruların dəyişdirilməsinə, mərkəzləşdirilmiş su və kanalizasiya şəbəkələrinin qurulmasına ehtiyac var.

O vurğulayıb ki, bu məsələ yalnız kommunal xidmətlərlə bağlı deyil, insanların sağlamlığına, sanitar-gigiyenik şəraitinə də birbaşa təsir göstərir. Eyni zamanda, qəsəbədaxili yolların təmiri və küçələrin işıqlandırılması sakinlərin ən çox müraciət etdiyi məsələlərdəndir.

Deputat Hövsan kanalının vəziyyətinin də ciddi narahatlıq doğurduğunu qeyd edib. Onun sözlərinə görə, kanalın açıq vəziyyətdə olması sakinlərin gündəlik həyatına mənfi təsir göstərir, məişət və texniki suların Xəzər dənizinə axıdılması isə ekoloji problem yaradır.

“Bu kanalın yenidən qurulması və müasir təmizləyici qurğuların inşası məsələsinə xüsusi diqqət yetirilsə, çox yaxşı olar”, – deyə S.Fətəliyeva bildirib.

O, rayondakı təhsil müəssisələrində şagird sıxlığı probleminə də toxunub. Deputatın sözlərinə görə, Hövsan qəsəbəsindəki 118 saylı və Yeni Suraxanı qəsəbəsindəki 316 saylı tam orta məktəblərdə şagird sıxlığı müşahidə olunur. Problemin həlli üçün həmin məktəblərdə əlavə tədris korpuslarının tikilməsi təklif edilir.

S.Fətəliyeva Hövsan qəsəbəsində poliklinikaların və Sağlamlıq Mərkəzinin fəaliyyət göstərdiyini, lakin əhalinin sayının artdığını diqqətə çatdırıb. O, geniş profilli stasionar tibbi xidmət göstərəcək müasir xəstəxananın tikintisi imkanlarına da baxılmasını təklif edib.

Deputat əvvəlki dövlət proqramlarında nəzərdə tutulmuş, lakin icrası tamamlanmamış layihələrin yenidən nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb. Söhbət Hövsanda yeni məktəb və uşaq bağçalarının tikintisindən, 203 saylı körpələr evi-uşaq bağçasının yenidən qurulmasından, eləcə də Yeni Suraxanıda yeni uşaq bağçasının inşasından gedir.

O bildirib ki, bu layihələrin icrası üçün müvafiq maliyyə mexanizmlərinin müəyyənləşdirilməsi məqsədəuyğun olardı.

Deputat, həmçinin iş axtaran, lakin peşə bacarıqları olmadığı üçün iş tapa bilməyən gənclərin məşğulluğuna dəstək məqsədilə rayonda müasir texniki-peşə təhsili müəssisəsinin yaradılmasına böyük ehtiyac olduğunu bildirib.

S.Fətəliyeva Hövsan və Yeni Suraxanı qəsəbələri üzrə qeyd olunan məsələlərin həllinin 2027-ci ilin müvafiq investisiya və infrastruktur proqramlarında nəzərə alınmasını təklif edib.