Azərbaycanın aqrar sektora dair hazırladığı sənəd ABŞ-yə təqdim olunub

ABŞ-yə səfəri çərçivəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ Kənd Təsərrüfatı Nazirinin birinci müavini Stephen Vadenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan və ABŞ arasında aqrar sahədə əməkdaşlığın genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin artırılması, elmi-tədqiqat və innovasiya sahələrində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Nazir Məcnun Məmmədov Azərbaycanın aqrar sahədə elmi potensialının inkişafı, tədqiqat institutlarının müasirləşdirilməsi və onların fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

O, ABŞ Kənd Təsərrüfatı Departamentinin (USDA) Kənd Təsərrüfatı Tədqiqatları Xidməti (ARS) və Milli Ərzaq və Kənd Təsərrüfatı İnstitutu (NIFA) ilə birgə elmi-tədqiqat layihələrinin və eksperimental sınaqların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

M. Məmmədov işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının müasir, iqlimə davamlı və rəqəmsal texnologiyalara əsaslanan model üzrə inkişafı istiqamətində görülən işlərdən də bəhs edib.

Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası elan edildiyini diqqətə çatdıran nazir bu ərazilərdə beynəlxalq standartlara uyğun aqrar istehsal modelinin qurulmasında ABŞ-nin elmi-tədqiqat təcrübəsinin əhəmiyyətli töhfə verə biləcəyini bildirib.

ABŞ Kənd Təsərrüfatı nazirinin birinci müavini Stiven Veyden iki ölkənin kənd təsərrüfatı nazirlikləri arasında qarşılıqlı anlaşma memorandumunun imzalanması istiqamətində işlərin davam etdirildiyini bildirib.

Qeyd edib ki, Azərbaycan tərəfinin hazırladığı memorandum layihəsi ABŞ-yə təqdim olunub və hazırda sənəd üzərində müzakirələr aparılır.

S. Veyden memorandum çərçivəsində biotexnologiyalar, eləcə də heyvandarlıqda seleksiya və damazlıq işi sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb.

Bu istiqamətlər üzrə Azərbaycanın təcrübəsinin öyrənilməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə olunub.

Görüşdə, həmçinin aqrar məhsulların ticarətinin genişləndirilməsi və iki ölkə arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi məsələləri nəzərdən keçirilib. Tərəflər aqrar sahədə əməkdaşlığın inkişaf perspektivləri, qarşılıqlı təcrübə mübadiləsi və iki ölkənin kənd təsərrüfatı nazirlikləri arasında memorandum layihəsi ətrafında fikir mübadiləsi aparıblar.