Dünyanın ən hündür körpüsü: Milyonlarla turist cəlb edir - FOTOLAR

Çinin cənub-qərbində inşa edilən "Huajiang" kanyonu körpüsü həm hündürlüyü ilə dünya rekordu qırıb, həm də kanyonun iki tərəfi arasındakı iki saatlıq yolu təxminən iki dəqiqəyə endirib.

Quyçjou əyalətində yerləşən asma körpü 2025-ci il sentyabrın 28-də avtomobillərin istifadəsinə verilib.

Körpünün yol səthi Beypan çayının su səviyyəsindən 625 metr yüksəklikdə yerləşir. Məhz bu göstəriciyə görə "Huajiang" körpüsü dünyanın ən hündür körpüsü hesab olunur.

Tikintisi üç ildən çox davam edən körpünün ümumi uzunluğu 2 890 metrdir. Əsas dayaqlar arasındakı məsafə isə 1 420 metr təşkil edir. Körpü kanyonun iki tərəfini birləşdirərək yerli sakinlərin magistral yola çıxışını asanlaşdırıb.

Körpü açılışından sonra bölgənin turistik məkanlarından birinə də çevrilib. Onu görmək üçün əraziyə minlərlə turist gəlib.

"Huajiang" körpüsündən Beypan çayına doğru süni şəlalə axır. Şəlalə körpünün tikintisi zamanı aşkarlanan yeraltı sudan yaradılıb.