“Cahan-Motors”la “Atəşgah Sığorta” arasında 13 min manatlıq QALMAQAL

“Cahan-Motors” MMC “Atəşgah” Sığorta Şirkəti ASC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

İddiaçı cavabdehdən 13 065 manat sığorta ödənişinin, hüquqi yardım üçün ödədiyi 500 manatın, həmçinin məhkəməyə müraciət zamanı ödədiyi 131 manat dövlət rüsumunun tutularaq ona ödənilməsini xahiş edib.

İşə baxan Bakı Kommersiya Məhkəməsində cavabdeh “Atəşgah” Sığorta Şirkəti ASC vəsatətlə çıxış edərək işin Səbail Rayon Məhkəməsinə göndərilməsini istəyib.

Lakin Bakı Kommersiya Məhkəməsinin qəbul etdiyi qərardadla ASC-nin vəsatəti təmin edilməyib.

Bundan narazı qalan sığorta şirkəti həmin qərardaddan şikayət verib. Cavabdeh qərardadın ləğv olunmasını və işin baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilməsini xahiş edib.

Bakı Kommersiya Məhkəməsinin növbəti qərardadı ilə şikayət təmin edilməyib. Şikayətə işlə birlikdə baxılması üçün materialların Ali Məhkəməyə göndərilməsi qərara alınıb.

Ali Məhkəmə ASC tərəfindən verilmiş şikayəti nəzərdən keçirərkən onun prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığını müəyyən edib. Məhkəmə kollegiyasının diqqət yetirdiyi əsas məqam şikayətin imzalanması və ona əlavə edilməli sənədlərlə bağlı olub. Müəyyən edilib ki, şikayət yalnız cavabdeh şirkətin nümayəndəsi tərəfindən imzalanıb, müdafiəçisinin imzası ilə təsdiqlənməyib. Bundan başqa, şikayətə order də əlavə edilməyib.

Məhkəmə bu halları prosessual qanunvericiliyin tələblərinə uyğunsuzluq kimi qiymətləndirərək şikayətin mahiyyəti üzrə araşdırılmasına əsas görməyib.

Nəticədə Ali Məhkəmə qərara alıb ki, Bakı Kommersiya Məhkəməsinin qərardadından “Atəşgah” Sığorta Şirkəti ASC tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Şikayət geri qaytarılması məsələsinə baxılması üçün işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilib.

Beləliklə, Ali Məhkəmə sığorta şirkətinin işin Səbail Rayon Məhkəməsinə göndərilməsi barədə tələbini mahiyyəti üzrə həll etməyib. Qərar şikayətin prosessual tələblərə uyğun tərtib edilməməsi ilə bağlı olub. “Cahan-Motors” MMC-nin 13 065 manat sığorta ödənişinin tutulması barədə əsas iddiası üzrə isə bu qərarla yekun nəticə müəyyən edilməyib.

Qeyd edək ki, avtomobillərin təmiri və satışı ilə məşğul olan “Cahan-Motors” MMC 2006-cı ildən fəaliyyət göstərir. Qanuni təmsilçisi isə Allahyarov Ülvi Hüseyn oğludur.

“Atəşgah” Sığorta Şirkəti ASC isə 1996-cı ildə təsis edilib. Nizamnamə kapitalı 5 008 500 manat olan şirkətin qanuni təmsilçisi Əhmədov Elçin Rəşid oğludur. (Plat)