ABŞ-də aviasiya sistemində yaranan genişmiqyaslı böhranın səbəbi açıqlanıb.
Hadisənin Arkanzas ştatında quraşdırılmış nasaz bir marşrutlaşdırıcı (router) səbəbindən baş verdiyi bəlli olub.
Məlumata görə, noyabrın 13-də Federal Aviasiya Administrasiyasına (FAA) məxsus nasaz avadanlıq şəbəkəyə həddindən artıq çox sorğu göndərərək sistemin işini pozub. Nəticədə hava dispetçerləri ilə pilotlar arasında əlaqə kəsilib və ABŞ-nin bütün hava limanlarında uçuş əməliyyatları 4,5 saat müddətinə dayanıb.
Federal Aviasiya Administrasiyasının texnologiyalar üzrə rəhbəri Rebekka Qayın sözlərinə görə, şəbəkənin iki nöqtəsində ciddi yüklənmə qeydə alınıb və hər 4-5 saniyədə minə yaxın bağlantı yaradılıb.
Nasazlıq nəticəsində 3,5 min uçuş gecikib, on minlərlə sərnişin hadisədən zərər çəkib.
Hadisə ilə bağlı araşdırma aparılır. Texniki avadanlığa cavabdeh olan “L3Harris” şirkətinin podratçısının səhvinin böhrana səbəb olub-olmadığı araşdırılır.