Tanınmış yazıçı: “Səviyyəli müğənni həyət-bacasını reklam etməz”

“Əksəriyyəti şou əhli olan bu adamların bir çoxu normal təhsil almamış, sənətə təsadüfən və ya “arxa qapıdan” gəlmiş “sənətkarlar”dır”.

Bunu açıqlamasında tanınmış yazıçı Firuz Mustafa deyib.

Yazıçı “Bir çox məşhurlar sosial şəbəkələrdə yeyib-içdiklərini, villalarını, həyat tərzlərini nümayiş etdirirlər. Bu, özgüvən əskikliyidir, yoxsa natamamlıq kompleksi?” sualını cavablandırıb:

“Həm sosial şəbəkələrdə, həm də telekanallarda bir çox tanınmış simaların həyat tərzini və ev-eşiyini əks etdirən lentlərə, fotolara, videolara rast gəlirik. Əgər diqqət yetirən olsa, görər ki, bu “tanınmışlar” əsasən sənət və incəsənət adamlarıdır. Əksəriyyəti şou əhli olan bu adamların bir çoxu normal təhsil almamış, sənətə təsadüfən və ya “arxa qapıdan” gəlmiş “sənətkarlar”dır. Mən tam əminliklə deyə bilərəm ki, ciddi elm, sənət adamları, habelə yüksək səviyyəli incəsənət xadimləri, lap elə səviyyəli müğənni və ya musiqiçilər öz şit həyat tərzlərini, dəbdəbəli ev-eşiklərini, həyət-bacalarını reklam etməzlər. Ümumiyyətlə, normal adamların “normaldankənar” həyat tərzi də olmaz”.