Mediasiyada barışmaqdan imtina edənləri nə gözləyir?

Boşanmaq qərarı verən şəxsləri maraqlandıran əsas məsələlərdən biri də məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakın məcburi olub-olmamasıdır. Bəzən tərəflər arasında ailə münasibətləri o qədər gərginləşir ki, ər-arvad boşanmaq qərarına gəlir və nikahın pozulması üçün birbaşa məhkəməyə müraciət etməyi düşünürlər. Lakin Azərbaycan qanunvericiliyində ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciətdən əvvəl müəyyən prosedurun həyata keçirilməsi nəzərdə tutulub. Bu prosedur ilkin mediasiya sessiyasında iştirakdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsinə və “Mediasiya haqqında” Qanunun tələblərinə əsasən, ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Yəni nikahın pozulması, ailədaxili mübahisələr və digər müvafiq ailə münasibətlərindən irəli gələn məsələlər üzrə tərəflər ilk növbədə mediasiya prosedurundan keçməlidirlər. Burada məqsəd yalnız tərəfləri barışdırmaq deyil, eyni zamanda mübahisənin məhkəməyə qədər danışıqlar yolu ilə həll edilməsi imkanlarını araşdırmaqdır.Qeyd etmək lazımdır ki, mediasiya prosesi iki əsas mərhələdə həyata keçirilə bilər: ilkin mediasiya sessiyası və sonrakı mediasiya sessiyaları. İlkin mediasiya sessiyasında mediator tərəflərə mediasiyanın mahiyyəti, məqsədi, üstünlükləri, prinsipləri və keçirilmə qaydaları barədə ətraflı məlumat verir. Tərəflərə mübahisənin məhkəmədən kənar həlli imkanları izah olunur, onların mövqeləri dinlənilir, zərurət yarandıqda birgə və ayrılıqda görüşlər keçirilir.Bu mərhələdə əsas məqsəd tərəflərin mübahisəni mediasiya yolu ilə davam etdirmək istəyib-istəmədiklərini müəyyənləşdirməkdir. Çünki mediasiyanın əsas prinsiplərindən biri könüllülükdür. Heç bir tərəf mübahisəni mütləq şəkildə barışıqla yekunlaşdırmağa məcbur edilə bilməz. İlkin sessiyada iştirak qanunla tələb olunsa da, tərəflərin sonrakı mediasiya görüşlərində iştirak etməsi və mübahisəni razılaşma yolu ilə həll etməsi onların iradəsindən asılıdır.Əgər tərəflərdən biri və ya hər ikisi mediasiya prosesini davam etdirmək istəmirsə, prosesə qanunvericilikdə nəzərdə tutulan qaydada xitam verilir. Bu halda tərəflərə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsinin mümkün olmaması və ya mediasiyanın nəticəsiz başa çatması ilə bağlı müvafiq sənəd təqdim edilir. Həmin sənəd məhkəməyə müraciət zamanı mediasiya üzrə ilkin prosedurun həyata keçirildiyini təsdiq edən sənəd kimi əhəmiyyət daşıyır.Beləliklə, tərəflər arasında barışığın əldə olunmaması onların boşanma ilə bağlı məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Əksinə, ilkin mediasiya sessiyasının nəticəsiz başa çatması mübahisənin məhkəmə qaydasında həllinə keçid üçün qanunvericilikdə nəzərdə tutulan prosedurun tamamlanması deməkdir. Bu səbəbdən boşanmaq istəyən şəxslər ilkin mediasiya sessiyasında iştirak etməli, bundan sonra mübahisənin məhkəmə qaydasında həlli üçün müraciət edə bilərlər.Digər tərəfdən, tərəflər ilkin mediasiya sessiyasından sonra mübahisənin həllini mediatorun iştirakı ilə davam etdirmək barədə razılığa gələ bilərlər. Bu halda mediasiyanın tətbiqi haqqında müqavilə bağlanır və sonrakı sessiyalar keçirilir. Görüşlər zamanı tərəflər nikahın pozulması, uşaqların kimin yanında qalması, aliment öhdəliyi, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi və digər ailə məsələləri ilə bağlı razılığa gəlməyə çalışa bilərlər.Sonrakı mediasiya sessiyalarında tərəflər mübahisəni tam və ya qismən həll edə bilərlər. Əgər qarşılıqlı razılıq əldə olunarsa, bu razılaşma barışıq sazişi ilə rəsmiləşdirilə bilər. Tərəflər razılığa gələ bilmədikdə isə mediasiya prosesi nəticəsiz başa çata bilər və mübahisənin həlli üçün məhkəməyə müraciət etmək imkanı yaranır.“Mediasiya haqqında” Qanunun 34-cü maddəsinə əsasən, mediasiya nəticəsində bağlanmış barışıq sazişi tərəflər üçün hüquqi əhəmiyyət daşıyır və qanunvericilikdə nəzərdə tutulan şərtlərə uyğun olaraq məcburi xarakter alır. Tərəflər sazişdə üzərlərinə götürdükləri öhdəlikləri könüllü şəkildə yerinə yetirmədikdə, onun məcburi icrası üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edilə bilər.Xüsusilə qeyd etmək lazımdır ki, mediasiyaya müraciət etmək boşanmaq istəyən şəxsin mütləq barışmalı olduğu anlamına gəlmir. İlkin mediasiya sessiyasının məcburi olması ilə nikahın qorunması və ya tərəflərin barışığa məcbur edilməsi tamamilə fərqli məsələlərdir. Qanunvericiliyin məqsədi tərəflərə mübahisəni sülh yolu ilə həll etmək imkanı yaratmaq, mümkün olmadıqda isə onların məhkəmə müdafiəsinə çıxışını təmin etməkdir.Beləliklə, boşanmaq istəyən şəxslər birbaşa məhkəməyə müraciət etməzdən əvvəl ailə mübahisələri üzrə ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Lakin sonrakı mediasiya görüşlərində iştirak etmək və barışıq sazişi imzalamaq məcburi deyil. Tərəflər razılığa gəlmədikləri halda qanunvericiliyin tələblərinə uyğun sənəd əldə edərək boşanma və digər ailə mübahisələrinin həlli üçün məhkəməyə müraciət edə bilərlər.Turan Etibaroğlu