Azərbaycan qarşılıqlı hörmət, ümumi maraqlar və praktiki əməkdaşlıq əsasında NATO ilə tərəfdaşlığını daha da inkişaf etdirməyə hazırdır.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO Daimi Nümayəndələrinin müavinləri Komitəsi ilə "NATO + Azərbaycan" formatında keçirilən görüşündə bildirib.
Hikmət Hacıyevin "X" sosial şəbəkəsindəki paylaşımına əsasən, görüş Azərbaycan-NATO tərəfdaşlığının inkişafında əldə olunan irəliləyişləri qiymətləndirmək, həmçinin regional və beynəlxalq gündəliyi müzakirə etmək imkanı yaradıb.
O, Azərbaycanın NATO-nun etibarlı tərəfdaşı kimi beynəlxalq sülh və təhlükəsizliyə, o cümlədən beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakına verdiyi töhfəni vurğulayıb.
H.Hacıyev qeyd edib ki, ötən illər ərzində Azərbaycanın NATO ilə əməkdaşlığı siyasi dialoqu, müdafiə, təhlükəsizlik və potensialın gücləndirilməsi sahələrində praktiki qarşılıqlı fəaliyyəti əhatə edən çoxşaxəli tərəfdaşlığa çevrilib.
"1994-cü ildə Azərbaycan bu tərəfdaşlığa müharibə və qeyri-müəyyənlik dövündə qoşulub. Bu gün isə biz bərpa edilmiş suverenlik, real sülh və artan regional məsuliyyət şəraitində fəaliyyət göstəririk. Tərəfdaşlığımız qarşılıqlı hörmətə, ümumi maraqlara və praktiki əməkdaşlığa əsaslanır. Təhlükəsiz, qarşılıqlı bağlılığa malik və sülh şəraitində olan Cənubi Qafqaz naminə bu tərəfdaşlığı yeni səviyyəyə qaldırmağa hazırıq", - deyə H.Hacıyev bildirib.