Bakı, 16 noyabr, AZƏRTACKino sənətinə peşəkar yanaşmanın təşviqi, film müzakirəsi mədəniyyətinin inkişafı və gənc yaradıcıların dramaturji təhlil bacarıqlarının formalaşdırılması məqsədilə Azərbaycan Ssenaristlər Gildiyasının təşəbbüsü ilə “25-ci kadr” film müzakirə platforması yaradılıb. Platforma, həmçinin gənc müəllif və ssenaristlərin öz fikirlərini auditoriya qarşısında sərbəst, əsaslandırılmış və arqumentli şəkildə ifadə etmək bacarıqlarının inkişafına xidmət edir.Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Ssenaristlər Gildiyasının sədri Nicat Dadaşov deyib.Onun sözlərinə görə, platformaya marağın əsas səbəbi müzakirələrin səmimi və peşəkar mühitdə keçirilməsidir: “Biz burada filmlərə sadəcə bəyəndim və ya bəyənmədim prizmasından yanaşmırıq. Ssenarist, rejissor, tənqidçi və aktyor eyni masa arxasında əyləşərək filmin dramaturji strukturunu, müəllifin yaradıcı niyyətini təhlil edir. Zalda əyləşən qonaqlar isə bu prosesin passiv izləyicisi deyil, birbaşa iştirakçısına çevrilirlər. İnsanlar öyrənmək, fikir bildirmək və bu yaradıcı mühitin bir parçası olmaq istəyirlər”.Nicat Dadaşov qeyd edib ki, yaxın günlərdə platformanın ilk film müzakirəsi keçirilib. Görüş çərçivəsində 2026-cı ildə Berlin Beynəlxalq Film Festivalında “Qızıl Ayı” mükafatına layiq görülmüş rejissor İlker Çatakın “Sarı məktublar” (“Gelbe Briefe”) bədii filmi peşəkar müstəvidə təhlil olunub.O bildirib ki, hazırda komanda ilə birlikdə platformanın ikinci tədbirinə hazırlıq görülür. Yaxın vaxtlarda “25-ci kadr”ın növbəti görüşünün tarixi və müzakirəyə çıxarılacaq yeni film barədə ictimaiyyətə məlumat veriləcək.“Əsas məqsədimiz bu platformanı Bakının daimi fəaliyyət göstərən, canlı intellektual kino məkanlarından birinə çevirməkdir”, – deyə Nicat Dadaşov vurğulayıb. Müxbir – Gülay Nəzərova