2026-cı ilin ötən dövründə qlobal mühitdə baş verən qeyri-müəyyənliklərə və geosiyasi çağırışlara baxmayaraq, möhtərəm cənab Prezident İlham Əliyevin tərəfindən həyata keçirilən düşünülmüş, məqsədyönlü ardıcıl siyasətin nəticəsində ölkəmizdə iqtisadi inkişaf davam edib, vətəndaşlarımızın sosial rifahı yüksəlib və makroiqtisadi sabitlik təmin edilib. Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsində Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.AMB sədri bildirib ki, qlobal iqtisadi şərait şəraitdə olan çağırışlara baxmayaraq, bizim iqtisadi artımımız davam edib: “Xarici sektora gəldikdə mövqeyimiz əlverişlidir. Bildiyiniz kimi, 9 aylıq gömrük statistikasına əsasən, xarici ticarət balansının profisiti 10,5 milyard ABŞ dolları səviyyəsində formalaşıb. Cari əməliyyatlar balansının 6 aylıq rəqəmlərə baxdıqda, burada biz 4,7 milyard ABŞ dolları profisit görürük. Bu da ümumi daxili məhsulun 12,4%-i deməkdir.Bizim proqnozlarımız 2026-cı ilin sonuna cari əməliyyatlar balansının profisiti 8,5 milyard ABŞ dolları olacağı gözlənilir. 2027-ci ilin sonuna isə 5,5 milyard ABŞ dolları ətrafında cari əməliyyatlar balansının profisiti proqnozlaşdırılır.Bizim ölkəmizin strateji valyuta ehtiyatları 4,1% artaraq 10 ayın nəticələrinə əsasən 88,6 milyard ABŞ dolları səviyyəsinə çatıb. Bu isə kifayət qədər böyük yastıq deməkdir. Manatla geniş pul kütləsini 3,3 dəfə, birbaşa xarici dövlət borcunu isə 20 dəfə üstələyir. Bu, ümumiyyətlə böyük bir nailiyyətdir və böyük bir xarici şoklara qarşı böyük bir yastıqdır. Sözsüz ki, bu nəticələri biz möhtərəm Prezident tərəfindən həyata keçirilən düşünülmüş siyasətin nəticəsində əldə edə bilmişik”.