Bakının Nəsimi rayonunda güclü külək nəticəsində irigövdəli ağacın aşması iki sakinin evdən çıxmasına mane olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Nəsimi rayonu, S.Əsgərova küçəsində vətəndaşların köməyə ehtiyacı olması barədə məlumat daxil olub.
Dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Hadisə yerində müəyyən olunub ki, güclü külək nəticəsində aşan irigövdəli ağac fərdi yaşayış evinin giriş-çıxışını bağlayıb və iki sakin evdən çıxa bilməyib.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə həmin şəxsləri təhlükəsiz şəkildə təxliyə ediblər.