Meksikanın narkotik kartelləri ABŞ sərhədçilərini izləmək, Tixuana ilə San-Dieqo arasında miqrantların qanunsuz keçidini əlaqələndirmək üçün dronlardan istifadə edir.
Bu barədə "El Universal" qəzeti ABŞ-nin sərhəd patrulunun nümayəndəsinə istinadən xəbər verib.
Onun sözlərinə görə, Meksikanın ən böyük kartelləri olan "Sinaloa" və "Xalisko yeni nəsil", eləcə də digər qruplaşmalar, agentlərin hərəkətlərini izləmək: onların gəliş və gediş vaxtları, hərəkətləri, fəaliyyətləri, hətta yeməkləri və yoxluqları, qanunsuz miqrant keçidləri üçün imkanları müəyyənləşdirmək üçün dronlardan istifadə edirlər.
"Cinayətkar təşkilatlar və kartellər artıq birləşiblər. Onlar birlikdə işləyirlər və indi dronlardan narkotik çatdırmaq üçün deyil, sərhəd patrul agentlərini izləmək üçün istifadə edirlər", - mənbə nəşrə bildirib.
Qurumun nümayəndəsi qeyd edib ki, dronlar o cümlədən Tixuanadakı Nido-de-las-Aqilas və Las Torres rayonlarından da buraxılır, burada miqrant bələdçiləri insanları istiqamətləndirir və agentləri izləyir. O əlavə edib ki, miqrantlara telefonla istiqamətlər göstərilir.
"Índice Politico"nun məlumatına görə, bu il ABŞ Şimal Komandanlığının Cənub Sərhəd Birgə Əməliyyat Qrupu Tixuana və San-Dieqo arasındakı ərazidə 300-dən çox dron zərərsizləşdirib. Buradakı sərhəd təxminən 100 kilometrə qədər uzanır. Sərhəd divarının möhkəmləndirilməsi səbəbindən dəniz yolu ilə getdikcə daha çox qaçaqmalçılıq cəhdləri edilir: qaçaqmalçılar hidrosikllərdən və sürət katerlərindən istifadə edirlər.