UEFA Millətlər Liqasının 2026/27 mövsümünün A Liqasının 3-cü qrupunda sonuncu turun oyunları keçirilib.
Osiyek şəhərindəki “Opus Arena”da baş tutan qarşılaşmada Xorvatiya millisi Çexiya yığmasını 2:1 hesabı ilə məğlub edib.
Görüşə sürətli başlayan meydan sahibləri artıq 2-ci dəqiqədə hesabı açıblar. Dion Drena Belyonun ötürməsindən sonra İvan Perişiç dəqiq zərbə ilə komandasını önə keçirib. İlk hissə Xorvatiyanın minimal üstünlüyü ilə başa çatıb.
İkinci hissədə hesabı bərabərləşdirmək üçün hücumlarını artıran Çexiya millisi istəyinə 84-cü dəqiqədə çatıb. Adam Hlojek fərqlənərək hesabı 1:1 edib.
Lakin meydan sahibləri məğlubiyyətlə barışmayıblar. 87-ci dəqiqədə Luka Vuşkoviçin ötürməsindən sonra Lovro Mayer topu qapıdan keçirərək Xorvatiyaya qələbə qazandırıb.
Qarşılaşmada topa sahib olma göstəricisində Xorvatiya 60 faizlik üstünlük əldə edib. Meydan sahibləri qapıya 8 dəqiq zərbə endirdiyi halda, Çexiya millisi cəmi bir dəfə çərçivəyə dəqiq zərbə vurub.
Bu nəticədən sonra xallarının sayını 6-ya çatdıran Xorvatiya qrup mərhələsini üçüncü pillədə başa vurub. Komanda A Liqasındakı yerini qorumaq üçün pley-off mərhələsində mübarizə aparacaq.
Keçirdiyi 6 oyunun hamısında məğlub olan Çexiya millisi isə xalsız sonuncu yeri tutaraq B Liqasına düşüb.