Bakı, 16 noyabr, AZƏRTAC Bakının Nəsimi rayonunda güclü külək nəticəsində irigövdəli ağacın aşması iki sakinin evdən çıxmasına mane olub.AZƏRTAC xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Nəsimi rayonu, S.Əsgərova küçəsində vətəndaşların köməyə ehtiyacı olması barədə məlumat daxil olub.Dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Hadisə yerində müəyyən olunub ki, güclü külək nəticəsində aşan irigövdəli ağac fərdi yaşayış evinin giriş-çıxışını bağlayıb və iki sakin evdən çıxa bilməyib.Xilasedicilər xüsusi vasitələrin köməyi ilə həmin şəxsləri təhlükəsiz şəkildə təxliyə ediblər.