ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Valts Livanın cənubundakı BMT sülhməramlı missiyasının (UNIFIL) əvəzlənməsi və post-missiya dövründə təhlükəsizlik arxitekturasının qurulması ilə bağlı danışıqlar aparmaq üçün Beyruta səfər edib.
"Al Arabiya" telekanalına istinadən, Vaşinqton sülhməramlıların bölgədən çıxarılmasından sonra təhlükəsizlik boşluğunun yaranmasının qarşısını almaq və "Hizbullah" qruplaşmasının tərksilah edilməsinə nəzarət etmək üçün yeni mexanizm formalaşdırmağa çalışır.
Səfər BMT Təhlükəsizlik Şurasının ötən il qəbul etdiyi qətnaməyə əsasən UNIFIL-in mandatının 31 dekabr 2026-cı ildə başa çatması fonunda gerçəkləşir. Həmin tarixdən etibarən sülhməramlı kontingentin mərhələli və nizamlı şəkildə çıxarılmasına başlanılacaq və bu prosesin bir ilə qədər davam edəcəyi gözlənilir. 1978-ci ildə müvəqqəti missiya kimi yaradılan, lakin yarım əsrə yaxındır regionda qalan UNIFIL-in fəaliyyəti Vaşinqton tərəfindən "Hizbullah"ın Litani çayının cənubundakı hərbi mövcudluğunun qarşısını ala bilməməsi səbəbilə sərt tənqid olunur.
Danışıqlara yaxın mənbələrin bildirdiyinə görə, tərəflər bir-birini tamamlayan iki yeni mexanizm üzərində işləyirlər:
Təhlükəsizlik və nəzarət mexanizmi: "Hizbullah"ın tərksilah edilməsini təsdiqləmək və qruplaşmanın hərbi infrastrukturunu yenidən bərpa etməsinə imkan verməmək.
Humanitar mexanizm: İsraillə sərhəd yaxınlığındakı Livan kəndlərinə ərzaq və zəruri ehtiyac mallarının çatdırılmasını təşkil etmək və ya müşayiət etmək.
Hazırda ABŞ bu məsələ ilə bağlı Fransa, İtaliya, Böyük Britaniya və digər tərəfdaş ölkələrlə intensiv məsləhətləşmələr aparır, lakin yekun razılaşma hələ əldə edilməyib. Müzakirələrin əsas mövzusu yeni mexanizmin Livanın cənubunda təhlükəsizliyə məsuliyyəti üzərinə götürəcək Livan Silahlı Qüvvələri ilə necə koordinasiya olunacağıdır. Həmçinin razılaşmaların icrasına mülki müşahidəçilərin, yoxsa beynəlxalq hərbi qüvvələrin nəzarət edəcəyi dəqiqləşdirilir.
Qeyd edək ki, ABŞ Dövlət katibi Marko Rubio bu həftənin əvvəlində verdiyi açıqlamada UNIFIL-in əvəzlənməsinin mütləq şəkildə regiona yeni hərbi kontingentin yeridilməsini tələb etmədiyini və bu funksiyanı mövcud razılaşmalara əməl olunmasını yoxlayan mülki heyətin həyata keçirə biləcəyini bəyan etmişdi.