Güney Azərbaycanın tanınmış siyasi xadiminin qızı İsveçin ən mühüm regional idarəetmə qurumlarından birinə rəhbərlik edəcək.
Musavat.com-a istinadən, İsveçdə yaşayan azərbaycanlı xanım Aida Kərimi Avropa siyasətində mühüm uğura imza atıb. O, İsveçin ən böyük bölgələrindən biri olan Västra Götalandın Regional İnkişaf Komissiyasının sədri seçilib.
Aida Kərimi İsveçin nüfuzlu siyasi qüvvələrindən olan Mərkəz Partiyasının (Centerpartiet) təmsilçisidir. O, regional seçkilərdə partiyasının Västra Götaland bölgəsi üzrə birinci namizədi kimi seçilib, daha sonra bölgənin 15 aparıcı siyasi rəhbərindən biri olaraq Regionråd statusu qazanıb.
İndi isə azərbaycanlı siyasətçiyə bölgənin iqtisadi və sosial gələcəyinin müəyyənləşdirilməsində mühüm rol oynayan Regional İnkişaf Komissiyasına rəhbərlik etmək həvalə olunub.
Bu qurum regionun iqtisadi inkişafı, yeni iş yerlərinin yaradılması, sahibkarlığın dəstəklənməsi, iqtisadi artım və uzunmüddətli inkişaf strategiyası ilə bağlı qərarların hazırlanmasında mühüm səlahiyyətlərə malikdir.
İsveçdə regional idarəetmə sistemi geniş səlahiyyətlərə əsaslanır. Buna görə də Aida Kəriminin yeni vəzifəsi yalnız siyasi nüfuz deyil, həm də ciddi idarəçilik məsuliyyəti deməkdir.
Aida Kəriminin kimliyi isə bu uğuru azərbaycanlılar üçün daha da əlamətdar edir.
O, Güney Azərbaycan Milli Hərəkatının tanınmış nümayəndələrindən, Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud Bilginin qızıdır.
Beləliklə, Güney Azərbaycan əsilli bir xanım Avropanın inkişaf etmiş ölkələrindən birində yüksək siyasi vəzifəyə yüksələrək İsveçin regional idarəetmə sistemində söz sahibi olub.
Aida Kəriminin uğuru həm İsveçdə yaşayan azərbaycanlı icması, həm də dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən soydaşlarımız üçün qürurverici hadisədir.