Portuqaliya yığmasının üç futbolçusu UEFA Millətlər Liqasının V turunda Danimarkaya 1:4 hesabı ilə məğlub olduqları oyundan sonra komandanın düşərgəsini tərk edib.
Bu barədə Portuqaliya Futbol Federasiyasının (PFF) mətbuat xidməti məlumat yayıb.
Müdafiəçi Ruben Diaş və yarımmüdafiəçi Juan Palinya sarı vərəqə limitini doldurduqları üçün Millətlər Liqasının qrup mərhələsinin son turunda Uelsə qarşı keçiriləcək görüşdə iştirak edə bilməyəcəklər.
Digər yarımmüdafiəçi Bernardu Silva isə tibbi müayinədən keçdikdən sonra qarşıdakı matça hazır olmadığı üçün millinin düşərgəsindən ayrılıb. Onun zədəsinin xarakteri barədə məlumat verilməyib.
Qeyd edək ki, 5 turdan sonra 12 xal toplayan Portuqaliya A Liqasının IV qrupunda liderdir. Komanda noyabrın 17-də sonuncu tur çərçivəsində səfərdə Uelsin qonağı olacaq.