Çinin texnologiya sektorunu gücləndirmək məqsədilə genişmiqyaslı kəşfiyyat əməliyyatı həyata keçirdiyi və bu əməliyyatın mümkün hədəflərindən birinin Nvidia şirkətinin keçmiş rəhbəri Censen Huang olduğu iddia edilir.
Bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, Pekin texnoloji məlumatlar əldə etməklə iqtisadiyyatın inkişafını və hərbi qüvvələrin modernləşdirilməsini hədəfləyib. Eyni zamanda, Çin Kommunist Partiyasının ölkə daxilində və xaricində təsirini artırmağa çalışıb.
Böyük Britaniyanın MI6 kəşfiyyat xidmətinin keçmiş əməliyyatlar rəhbəri Naycel İnkster hesab edir ki, Huang ABŞ Prezidenti Donald Trampla yaxın münasibətlərinə və administrasiyanın Çinə çip ixracı siyasətinə təsir imkanlarına görə kəşfiyyatın diqqətini çəkmiş ola bilər.
WSJ-nin məlumatına əsasən, ABŞ rəsmiləri Huangdan məlumat əldə etmək üçün onun sahibkar Alis Huangla münasibətlərindən istifadə edildiyindən şübhələnirlər. Həmin qadının Sinqapurda yerləşən "Megaspeed" şirkəti ilə əlaqəli olduğu bildirilir.
Qəzet Çində təxminən 600 min nəfərin kəşfiyyat və təhlükəsizlik sahəsində çalışdığını qeyd edib. Nvidia şirkəti məsələ ilə bağlı müstəqil araşdırmaya başlayıb, Pekin isə casusluq ittihamlarını rədd edib.
Qeyd edək ki, xəbərdə Censen Huangın noyabrın 12-də Nvidia şirkətinin prezidenti və baş icraçı direktoru vəzifələrindən ayrıldığı da iddia olunur.