Fransada etiraz aksiyalarında 121 nəfər saxlanılıb - YENİLƏNİB

Fransada noyabrın 14-də qiymət artımına və polis zorakılığına qarşı keçirilən kütləvi etiraz aksiyaları zamanı 121 nəfər saxlanılıb.

“BFMTV” telekanalının Fransa Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, bu göstərici yerli vaxtla saat 17:00-a olan vəziyyəti əks etdirir və gün ərzində dəyişə bilər.

Paris Polis Prefekturasının əvvəlki məlumatına əsasən, paytaxtda 3-ü yeniyetmə olmaqla 22 nəfər saxlanılıb.

Saxlanılmalar əsasən silah hesab edilə bilən əşyaların daşınması, təhqir, müəyyən ərazilərdə olma və nümayişlərdə iştirakla bağlı qadağaların pozulması səbəbindən həyata keçirilib.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə üzrə aksiyalara 106 min nəfər qatılıb. Onlardan 24 mini Parisdə keçirilən nümayişdə iştirak edib.

Etirazların təşkilində iştirak edən tələbə və məktəbli birlikləri isə ölkə üzrə 200 min, Parisdə isə 100 min nəfərin aksiyalara qatıldığını iddia ediblər.

Qeyd edək ki, nümayişlər zamanı Parisdə etirazçılarla polis arasında toqquşmalar baş verib. Hüquq-mühafizə orqanları gözyaşardıcı qaz və səs qumbaralarından istifadə edib. Nant şəhərində isə nümayişçiləri dağıtmaq üçün su şırnaqları tətbiq olunub.

***

Fransada qiymət artımına və hüquq-mühafizə orqanları əməkdaşlarının zorakılığına qarşı keçirilən etiraz aksiyalarında 106 min nəfər iştirak edib.

“CNEWS” telekanalının Fransa Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, noyabrın 14-də ölkənin müxtəlif şəhərlərində kütləvi nümayişlər təşkil olunub.

Ən böyük aksiya Parisdə keçirilib. Nazirliyin hesablamalarına əsasən, paytaxtda 24 min nəfər küçələrə çıxıb.

Nümayişin böyük hissəsi sakit keçsə də, yürüşün sonunda etirazçılarla polis arasında toqquşmalar baş verib. Hüquq-mühafizə orqanları aqressiv qrupları dağıtmaq üçün səs qumbaralarından və gözyaşardıcı qazdan istifadə edib.

“Jilet Jaunes” (“Sarı jiletlilər”) hərəkatının, eləcə də tələbə və məktəbli birliklərinin çağırışı ilə keçirilən aksiyalar zamanı digər şəhərlərdə də qarşıdurmalar qeydə alınıb. Nant şəhərində polis nümayişçilərə qarşı su şırnaqlarından istifadə edib. Bordo və Lionda da etirazçılarla polis arasında toqquşmalar baş verib.

Qeyd edək ki, Fransada kütləvi etirazlar sentyabrın sonlarından davam edir. Məktəblilər təhsil müəssisələrinin vəziyyətinə, dərs yükünün çoxluğuna və müəllim çatışmazlığına etiraz olaraq bir sıra məktəblərin fəaliyyətini bloklayıblar.

Oktyabrda isə həmkarlar ittifaqları əməkhaqlarının artırılması və hökumətin əlavə qənaət tədbirlərindən imtina etməsi tələbi ilə aksiyalara başlayıblar.