Ukrayna ordusu beş gündür “Starshield” sistemindən tam istifadə edə bilmir - Zelenski şikayətləndi

Ukrayna Silahlı Qüvvələri artıq beş gündür “Starshield” peyk rabitə sisteminə tam çıxış əldə edə bilmir.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

Onun sözlərinə görə, Kiyev beş gündür “Starshield” sisteminin fəaliyyətində məhdudiyyətlər qeydə alır.

“Ukrayna Müdafiə Nazirliyi SpaceX şirkəti ilə danışıb. Onlar bunun hansısa texniki məsələ olduğunu bildirirlər. Lakin biz belə hesab etmirik”, – deyə Zelenski qeyd edib.

Prezident bildirib ki, müxtəlif istiqamətlərdə hər gün yoxlamalar aparılır və hər dəfə məhdudiyyətlər təsdiqlənir. Buna görə də söhbət ayrı-ayrı hallardan deyil, kütləvi xarakter daşıyan problemlərdən gedir.