Qara dənizdə yük gəmisi PUA hücumuna məruz qaldı

Qara dənizdə, Rumıniyanın ərazi sularında Palau bayrağı altında üzən “Larissa 1” yük gəmisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb.

Bu barədə Rumıniyanın “Ziua de Constanța” portalı məlumat yayıb.

Məlumata görə, hadisə noyabrın 14-nə keçən gecə Sfıntu-Qeorqe yaşayış məntəqəsindən 6,8 dəniz mili (12,59 km) məsafədə baş verib. Zərbə nəticəsində gəminin yük kranı zədələnib. Yanğın qeydə alınmayıb, xəsarət alan yoxdur.

Rumıniyanın müdafiə naziri Ştefan-Radu Oprea hadisədən xəbərdar olduqlarını təsdiqləyib. O, yoxlamalar davam etdiyi üçün əlavə təfərrüatların hələ açıqlanmadığını bildirib.