Milyonçu və arvadı işgəncə ilə öldürüldü: meyitlərini parçalayıb səhraya atdılar

Rusiyalı kriptovalyuta investoru 38 yaşlı Roman Novak və həyat yoldaşı 37 yaşlı Anna Novak Birləşmiş Ərəb Əmirliklərində oğurlanaraq qətlə yetirilib.

2025-ci ilin oktyabrında yoxa çıxan cütlük Hatta bölgəsində saxta investorlarla görüşə gedərkən tələyə salınıb.

İstintaqın məlumatına görə, cinayətkarlar Roman Novakın təxminən 380 milyon funt sterlinq dəyərində olduğu iddia edilən kriptovalyuta sərvətini ələ keçirmək istəyiblər. Onlar cütlüyü villada saxlayaraq elektron pul kisələrinin şifrələrini öyrənmək üçün işgəncə veriblər.

Lakin hesablarda demək olar ki, pul tapılmayıb. Bundan sonra cütlüyün təxminən 180 min funt sterlinqlik şəxsi əşyalarının götürüldüyü, ər-arvadın döyülərək öldürüldüyü və parçalanmış meyitlərinin səhraya atıldığı iddia olunur.

Cinayətlə bağlı üç şübhəli müəyyən edilib. Onlardan ikisinin Ukrayna müharibəsində iştirak etmiş keçmiş hərbçilər olduğu bildirilir. Şübhəlilərdən Yuri Şarıpovun cinayəti etiraf edərək istintaqla əməkdaşlıq etdiyi, Vladimir Dalekinin isə həbsdə öldüyü qeyd olunur. Keçmiş polis əməkdaşı Konstantin Şaxt barəsində araşdırma davam edir.

Cinayətin sifarişçiləri hələ müəyyən edilməyib. İddiaya görə, qətli törədənlərə 90 min funt sterlinq vəd olunub.

Qeyd edək ki, Roman Novakın özü də sağlığında milyonlarla funt sterlinqlik kriptovalyuta dələduzluğu ilə bağlı araşdırma altında olub.

Cütlüyün iki azyaşlı övladı Annanın ailəsinin himayəsinə verilib.

(lent.az)