Kallası Rusiya tarixinə dair açıqlamasına görə ələ saldılar

İrlandiyalı jurnalist Brayan Makdonald Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallası Rusiya tarixinə dair biliklərinə görə istehza ilə tənqid edib.

Jurnalist bununla bağlı “X” sosial şəbəkəsində paylaşım edib.

Makdonald Kallasın Rusiyaya tarix boyu heç kimin hücum etmədiyi barədə fikirlərini xatırladaraq, 1812-ci ildə Borodino döyüşündə fransızların, 1942-ci ildə isə Stalinqrad döyüşündə almanların iştirakını misal çəkib.

Jurnalist ironik şəkildə Kallasın açıqlamasının anlaşılmaz bir səhv olduğunu bildirib.

Qeyd edək ki, Kaya Kallas Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı Rusiyaya təhlükəsizlik zəmanətlərinin verilməsinə ehtiyac olmadığını iddia edib. Onun fikrincə, Moskvanın belə təminatlara ehtiyacı yoxdur, çünki Rusiyaya heç vaxt hücum edilməyib.

Kallas daha əvvəl də Rusiyanın son 100 ildə Afrika dövlətləri istisna olmaqla, 19 ölkəyə hücum etdiyini, bəzi ölkələrə qarşı isə bunu üç-dörd dəfə təkrarladığını bildirmişdi. O, həmin ölkələrdən heç birinin Rusiyaya hücum etmədiyini iddia etsə də, konkret dövlətlərin adlarını açıqlamayıb.