Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma - Foto

Azərbaycanda müəllimlər üçün yeni öhdəliklər müəyyənləşdirilib. İmzalanmış yeni qərara əsasən, təhsilverənlərin etik davranış qaydalarına əlavələr edilib.

Yeni tələblərə əsasən, təhsilverənlər uşaqları fiziki və psixi zorakılığın bütün formalarından qorumalı, onları zərərli vərdişlərdən çəkindirməli, şərəf və ləyaqətlərinə hörmət etməlidirlər. Həmçinin müəllimlərin intizam tədbiri kimi uşaqlara qarşı zorakılığın hər hansı formasını tətbiq etməsi qadağan olunur.

Maraqlıdır, yeni öhdəliklər məktəblərdə baş verən neqativ halların qarşısının alınmasına kömək edəcəkmi?

Mövzu ilə bağlı təhsil məsələləri üzrə ekspert Səbuhi Abdullayev bildirib ki, qəbul edilən qərarlar məktəblərdə zorakılıq hallarının qarşısının alınmasına, eyni zamanda şagirdlərin davranışlarının müəllimlər tərəfindən tənzimlənməsinə xidmət edir. Lakin bu zaman müəllimlərin şagirdləri idarə etməsi çətinləşir:

"Çünki müəllimin əlində olan, belə demək mümkündürsə, ünsiyyət vasitələri, yəni təsir imkanları məhdudlaşdırılır. Nəticədə şagirdlər daha sərbəst davranmağa başlayırlar. Belə ki, qaydalarda hətta verbal ünsiyyət vasitəsilə şagirdin sakitləşdirilməsi ilə bağlı tövsiyələr verilir. Ancaq elə şagirdlər var ki, onları bu üsulla sakitləşdirmək və sinfi idarə etmək mümkün olmur".

Ekspertin fikrincə, bu qaydalarla yanaşı, şagirdlərin də məsuliyyətinin artırılması istiqamətində qərarların qəbul edilməsi məqsədəuyğun olardı:

"Belə ki, onların davranışlarına uyğun olaraq xəbərdarlıqların edilməsi, cərimələrin tətbiqi, qırmızı kart sistemindən istifadə olunması, zərurət yarandıqda isə məktəbdən uzaqlaşdırılması və ya daha ciddi nizam-intizam qaydaları olan digər təhsil müəssisələrinə köçürülməsi nəzərdə tutula bilər. Bu tədbirlər məktəblərin idarə olunmasına və zorakılıq hallarının qarşısının alınmasına kömək edə bilər.

Xüsusilə qeyd etmək istərdim ki, elə şagirdlər var ki, valideynləri belə onları evdə nəzarətdə saxlaya bilmir və bütün öhdəlikləri məktəbin üzərinə qoyurlar. Yəni məktəbdən həm təlim, həm də tərbiyə ilə məşğul olmasını gözləyirlər. Təbii ki, bu da müəllimlərin işini bir qədər çətinləşdirir.

Düşünürəm ki, bu cür qərarların qəbul edilməsi ümumilikdə doğru addımdır. Ancaq şagirdlərin məsuliyyətinin artırılması ilə bağlı da qərarların qəbul edilməsi vacibdir. Onlara ciddi xəbərdarlıqların edilməsi, zərurət yarandıqda məktəbdən uzaqlaşdırılması və ya daha sərt nizam-intizam qaydaları olan digər məktəblərə köçürülməsi vasitəsilə təhsil müəssisələrində idarəetməni yaxşılaşdırmaq, eyni zamanda zorakılıq hallarının qarşısını almaq mümkün ola bilər.

Əvvəlki dövrlərdə də görmüşük ki, idarə olunması çətin olan şagirdlər üçün xüsusi məktəblər fəaliyyət göstərib. Həmin müəssisələrdə belə şagirdlərin davranışları xüsusi nizam-intizam qaydaları əsasında tənzimlənib. Təbii ki, bu cür məktəblərə göndərilmək ehtimalı şagirdləri daha məsuliyyətli və intizamlı davranmağa sövq edə bilər"./Oxu.az