Hesablama Palatası neft və qazın qiyməti ilə bağlı gözləntiləri açıqlayıb

Dünyada enerji qiymətlərinin artımı ilin sonuna qədər davam edəcək.

Bu məsələ Hesablama Palatasının 2027-ci il dövlət büdcəsinə verdiyi rəydə əksini tapıb.

Qeyd olunur ki, Yaxın Şərqdə münaqişənin uzanması, enerji və ərzaq qiymətlərinin daha yüksək və dəyişkən olması, ticarət gərginliyinin artması, texnoloji investisiyaların gəlirliliyi ilə bağlı gözləntilərin dəyişməsi və maliyyə şərtlərinin sərtləşməsi qlobal iqtisadi artımla bağlı proqnozların reallaşması üçün əsas risklər hesab olunur.

Təhlillər növbəti ildə fiskal və monetar alətlərin iqtisadi artıma töhfəsinin məhdud olduğunu göstərir. Belə ki, 2027-ci ildə inflyasiya amilinin monetar siyasətin iqtisadi artıma dəstəkləyici təsirini məhdudlaşdıracağı proqnozlaşdırılır. Dövlət borcu, habelə yaşlanan əhali, iqlim dəyişikliyi və milli təhlükəsizlik ehtiyacları ilə bağlı xərclərin artması şəraitində fiskal siyasətlərin növbəti ildə əsasən neytral qalacağı gözlənilir.

Vurğulanır ki, davam edən müharibələr və yeni geosiyasi gərginliklərin yaratdığı təklif şoku cari ildə enerji qiymətlərinin artımını şərtləndirmiş, qiymət indekslərində artımların ilin sonuna qədər davam edəcəyi, növbəti ildə isə nisbətən səngiyəcəyi proqnozlaşdırılıb.

Dünya Bankının məlumatlarına əsasən, 01.10.2026-cı il tarixinə xammallar üzrə qlobal qiymət indeksi illik qiymətləndirmədə 47.8% artıb. Cari ilin fevralın sonlarından başlayaraq Hörmüz boğazının bağlanması qlobal neft təchizatında itkilərə səbəb olub, bu isə müvafiq dövrdə neft qiymətlərinin kəskin artmasını şərtləndirib. 2026-cı il oktyabrın 1-dək illik qiymətləndirmədə neft 53.8%, təbii qaz 2.3 dəfə, kömür 38.4% bahalaşıb.

Nəticədə enerji məhsulları üzrə qiymət indeksi sürətlə yüksəlməyə başlayıb və analoji dövrdə 70 faiz artıb.