Paşinyan bir ayda Rusiyaya üç dəfə səfər edəcək

Ermənistanın baş naziri Nikol Paşinyan dekabr ayında danışıqlar üçün Rusiyaya üç dəfə səfər etməyi planlaşdırdığını bəyan edib.

Oxu.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə Paşinyan Dublin Beynəlxalq və Avropa Münasibətləri Məsələləri İnstitutunda çıxışı zamanı məlumat verib.

“Dekabr ayında mən 3 dəfə Rusiyada olacağam, üç səfər: 3 dekabr, 11 dekabr və 22 dekabr tarixlərində danışıqlar üçün Rusiyanı ziyarət edəcəyəm və ümid edirəm ki, Rusiya ilə münasibətlərimizdə dostluq atmosferini qoruyub saxlaya biləcəyik”, – deyə o bildirib.

Daha əvvəl Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş üçün ilkin şərtlərin irəli sürülməsinə dair məlumatları təkzib etmişdi.

Qeyd edək ki, aprel ayında Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlardan sonra Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş nazirini iki ölkə arasında qarşılıqlı əlaqələrin konkret məsələlərini müzakirə etmək üçün Moskvaya dəvət etdiyini açıqlamışdı.